- Siyasi müzakirə
- 20:22
- 1 347
"İran təkdir, üçüncü dünya müharibəsi ola bilməz" - Partiya sədri
"Klassik dünya müharibəsi olması üçün İranın yanında böyük müttəfiqlər olmalıdır – Rusiya və Çin yanında deyillər, olmayacaqlar da, hər iki ölkənin nə qədər zəif olduğu üzə çıxır və bu başqa ölkələrə də mesajdır ki, Rusiya və Çindən müttəfiq olmaz, əvvəl Suriya, sonra Venesuela, indi İran, bir neçə həftəyə Kuba bu tezisi sübut edir".
Bu barədə Real Partiyasının sədri Natiq Cəfərli şərh verib. O, deyib:
"İkincisi, tam tərsinə münaqişə lokallaşıb, çünki, ən azı 7-8 il əvvəldən başlayan plandır. İlk əvvəl İranın bölgədəki “proksiləri” zəiflədildi, hətta böyük ölçüdə sıradan çıxarıldı. Ardınca Suriya əməliyyatı İranı xeyli zəiflətdi, Livanda “Hizbollah”, Yəməndə “Husilər” vuruldu və güc itirdilər. Ona görə də, bölgədə qlobal “yanğının” qarşısı əvvəlcədən alındı, münaqişə lokallaşdı, İran üzərində fokuslandı.
Hə, deyə bilərsiniz ki, İran bütün ətraf ölkələr raket-dron atır, bu elə münaqişəni qloballaşdırır – bu “optik yanlışlıqdır”. Körfəz ölkələri tarixən İranla, yumşaq desəm, yola getmirdilər və İranın otelə, binaya, hava limanına vurduğu zərər və zərbələr müharibənin gedişatına heç 0,1% də təsir etmir. Yəni, belə zərbələrlə İran ABŞ-ı nəyəsə məcbur edə bilməz, belə baxanda, Dubayda otelin yanması ABŞ-ın çox da vecinə deyil.
Xülasə, İran təkdir, münaqişə lokallaşıb, İnşallah ki, yaxın zamanda danışıqlarla yekunlaşacaq və İran daxilində qanlı qarıdurmalardan qaçmaq mümkün olacaq. Bir daha deyim, İran artıq DƏYİŞİB, sadəcə, bu dəyişikliyin rəsmiləşməsi bir az zaman alacaq. İranda dəyişikliklər rəsmiləşdirməlidir ki, təməl problemlərini həll edə, iqtisadi inkişafa, vətəndaşlar arasında konsensusa nail ola bilsin..."
AzNews.az