- Siyasi müzakirə
- 18:54
- 1 903
İran yenə nankorluq etdi - Mirəli Hüseynov
"İran molla rejimi Naxçıvan ərazisini dron atəşinə tutmaqla Azərbaycana qarşı növbəti dəfə arxadan zərbə vurmuş oldu. Azərbaycan hər zaman sülh və qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə sadiq qalaraq İrana dostluq münasibətləri nümayiş etdirmiş, onun suveren hüquqlarına hörmətlə yanaşmışdır. Hətta indiki həssas zamanda belə ölkə Prezidenti ali dini rəhbərin ölümü ilə başsağlığı verməklə və səfirliyi ziyarət etməklə ölkəmizin tutduğu mövqeyə sadiqliyini bir daha nümayiş etdirmişdir".
Bu barədə AzNews.az-a ictimai xadim, hüquqşünas Mirəli Hüseynov açıqlama verib. O, deyib:
"Biz bunun əksi olaraq Qarabağ müharibəsində olduğu kimi İranın bir daha xain və nankor hərəkətinin şahidi olduq. Silahını ona təhlükə törədən güclərə qarşı çevirmək əvəzinə Azərbaycanın mülki obyektlərini və dinc sakinlərini hədəf alması heç cür anlaşılan deyil. Cinayətkar aktın əsaslı izahı verilmədikcə, bunun adı acizlik və qorxaqlıqdan başqa bir şey olmayacaqdır. Azərbaycan Qarabağ müharibəsində nəyə qadir olduğunu, düşmənlərə sarsıdıcı zərbələri ilə güclü orduya malik olmasını hər kəsə sübut etmişdir. Həmin ordu daha güclü şəkildə yerindədir və lazım olduğu təqdirdə bir daha və daha peşəkar şəkildə ölkəmizə diş qıcayanların layiqli şəkildə cavabını vermək iqtidarındadır. Zamanın ağır sınaqlarına hər zaman mərdliklə sinə gərən ölkəmizi bu cür təhdidlərlə qorxutmaq və ona təsir etmək mümkün deyildir. İnanmaq istərdik ki, İranın düşünən insanları baş verənlərin yanlış olmasının fərqində olacaq, xalqlarımız arasında dostluq münasibətlərini ciddi şəkildə zədələyən və suverenliyimizi təhdid edən bu cür pozucu və təhlükəli davranışların təkrarlanmasına bir daha imkan verməyəcəklər".
AzNews.az