- Siyasi müzakirə
- 21:07
- 1 875
“Paşinyanın siyasətinin məqsədi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdir” – Azad Məsiyev
"Paşinyanın hakimiyyəti ABŞ tərəfindən dəstəklənərək formalaşıb. ABŞ Paşinyanı birbaşa himayə etmir, sadəcə o ABŞ qarşısında müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər əsasən Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və Amerikanın maraqlarına uyğun siyasi kursu həyata keçirməkdən ibarətdir. Paşinyan hakimiyyətə gəldiyi gündən bəri bu siyasi kursu tədricən icra edir. Zaman-zaman o, Rusiyanın maraqlarını nəzərə almadan, Amerikanın iradəsinə uyğun addımlar atır. Təbii ki, bu proses bir anda baş verə bilməz. Rusiyanın Ermənistana təsir dairəsi çox genişdir – həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə. Bundan əlavə, Ermənistan Rusiya platformalarında əməkdaşlıq edir: Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna görə də, Ermənistanın birdən-birə Rusiyanın təsirini kəsməsi real deyil. Ermənistan iqtisadi baxımdan da Rusiyaya asılıdır. Buna baxmayaraq, Paşinyan tədricən və pillə-pillə bu siyasəti həyata keçirir. Bu səbəbdən Rusiyanın Xarici İşlər Nazirliyinin Ermənistanın yeni xarici siyasət kursuna dair xəbərdarlıq bəyanatlarını zaman-zaman eşidirik".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekunlarına dair mətbuat konfransında bildirib ki, Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın Avropa İttifaqına üzvlük niyyətinə hazırda mane olmur. O qeyd edib: "Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Lakin hələlik 102-ci baza bu prosesə təsir etmir. Əgər belə bir vəziyyət yaranarsa, irəlidə hansı addımları atacağımızı nəzərdən keçirəcəyik ki, problemlərlə qarşılaşmayaq.”
Siyasi şərhçi qeyd edib ki, əgər Ermənistan Avropa İttifaqına inteqrasiya edərsə, bu zaman ölkə Rusiyayla siyasi və iqtisadi bağlarını kəsmək kimi seçim etməli olacaq.
"Bu, Ermənistan üçün böyük bir riskdir. Ermənistanda gedən proseslər, erməni lobisinin və Rusiya qanadının fəallaşması bu təhlükəni göstərir. 102-ci hərbi baza uzunmüddətli müqavilə əsasında fəaliyyət göstərir və onun birdən-birə çıxarılması real görünmür. Bu baxımdan Paşinyan Avropa İttifaqına inteqrasiya məsələsini gündəmdə saxlayır və zaman-zaman bu məqsədlə müəyyən addımlar atır. İlk öncə qanunvericilik bazası yaradılır və ictimai şüurda inteqrasiya ideyası inkişaf etdirilir. Hələlik Paşinyan özü də açıq deyir ki, 102-ci bazanın Ermənistanda qalması Avropa inteqrasiyasına mane deyil. 2026-cı ilin yayında keçiriləcək seçkilərin nəticəsi prosesi müəyyənləşdirəcək. Əgər Paşinyan hakimiyyətdə qalarsa, Avropa inteqrasiyası sürətlənəcək. Əks halda, Rusiya qanadı hakimiyyətə gəlsə, proses tamamilə dəyişə bilər. Avropa inteqrasiyası yalnız siyasi deyil, həm də iqtisadi asılılıqların aradan qaldırılmasını tələb edir. Bu baxımdan Türkiyənin rolu vacibdir: Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması Avropa ilə iqtisadi inteqrasiyanı mümkün edəcək. Lakin bu, hələlik Azərbaycanla münasibətlər məsələsinə bağlıdır və ictimai şüurda inteqrasiya ideyası ilə bağlı addımlar atılır. Ermənistanda idarəetmənin bir hissəsi “Sorosçular”ın təsiri altındadır. Buna görə də Paşinyan hələlik Rusiyaya bağlılığı tamamilə kəsmir. 102-ci bazanın saxlanması ilə Avropa inteqrasiyasına ilkin təməllər qoyulur. Bu siyasi kurs Rusiya üçün strateji maraqlara uyğun deyil. Rəsmi Moskva dəfələrlə bildirib ki, Ermənistan Avropa İttifaqına inteqrasiya edərsə, Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı ilə bağlı seçim etməli olacaq. Hər bir dövlətin suveren hüququdur ki, istədiyi ölkə və ya birliklə əməkdaşlıq edə bilsin. Lakin bu əməkdaşlıq üçüncü dövlətin əleyhinə olmamalıdır. Artıq Ermənistanın Amerikayla və Avropa İttifaqı ilə əməkdaşlığı Rusiyaya qarşı hesablanır. Avropayla Rusiya arasında həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə faktiki bir mübarizə gedir, bunu Ukrayna münaqişəsi də göstərir. Paşinyanın apardığı siyasət, Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq, birbaşa Rusiyaya qarşıdır və əsas məqsəd Rusiya nüfuzunu Ermənistanda zəiflətməkdir. Paşinyan isə bu siyasəti uğurla həyata keçirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az