“ABŞ proseslərin istiqamətini müəyyən edən əsas amillərdən biri olaraq qalır” – Ülviyyə Zülfiqar

“ABŞ-nin Yaxın Şərqdə artan aktivliyi adətən iki cür nəticə verə biləcək bir proses kimi qiymətləndirilir. Bir tərəfdən, Vaşinqtonun geniş diplomatik imkanları, təhlükəsizlik mexanizmləri və regiondakı müttəfiqləri vasitəsilə gərginliyi azaltmaq və vəziyyəti nəzarətdə saxlamaq potensialı var. Xüsusilə, atəşkəs təşəbbüsləri, vasitəçilik səyləri və tərəflərlə paralel təmaslar ABŞ-ni sabitləşdirici aktora çevirə bilər. Bu aktivliyin digər mühüm tərəfi ondan ibarətdir ki, ABŞ regionda baş verən proseslərə təsir edə bilən azsaylı qlobal güclərdən biridir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin yenidən yüksəldiyi bir vaxtda ABŞ-nin ardıcıl bəyanatları və diplomatik təşəbbüsləri diqqət mərkəzindədir. Vaşinqtonun proseslərə təsir imkanlarının artması isə regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları daha da gücləndirir.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan, onun iştirakı bəzən tərəfləri daha ehtiyatlı davranmağa sövq edir və qarşıdurmanın genişlənməsinin qarşısını almağa kömək edir.

"Yəni, təkcə hərbi və siyasi deyil, psixoloji baxımdan da ABŞ faktorunun müəyyən çəkisi mövcuddur. Digər tərəfdən isə Yaxın Şərq çox mürəkkəb və həssas bir regiondur və burada atılan hər addım müxtəlif aktorlar tərəfindən fərqli şəkildə qəbul edilir. Bu səbəbdən, hətta sabitlik məqsədilə atılan addımlar belə bəzən gözlənilməz reaksiyalar doğura bilər. Buna baxmayaraq, ümumi mənzərə göstərir ki, ABŞ daha çox gərginliyin nəzarətdən çıxmamasına və müəyyən sabit çərçivənin qorunmasına fokuslanır. Yəni, bu halda ABŞ-nin rolu proseslərin istiqamətini müəyyən edən əsas amillərdən biri olaraq qalmaqda davam edə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az