​"ABŞ üçün əsas rəqib Rusiya deyil, Çindir" - Oqtay Qasımov

"ABŞ–İran qarşıdurmasında müəyyən dividend götürən ölkələr sırasında Rusiya da yer alır. İlk növbədə, Rusiyanın qazancı ondan ibarətdir ki, dünyanın diqqəti böyük ölçüdə ABŞ–İran qarşıdurmasına yönəlib və bu fonda Rusiya–Ukrayna müharibəsi arxa plana keçib. Bu isə Moskvanın maraqlarına uyğun vəziyyət yaradır. Bundan əlavə, Rusiya ABŞ tərəfindən Rusiya–Ukrayna anlaşmasının yubanmasında da maraqlıdır. Belə ki, Rusiya Ukraynada maksimum nəticələr əldə etməyə çalışır və bu məqsədlər hələ tam təmin olunmayıb. Məhz buna görə də, ABŞ tərəfi nə qədər sülh və danışıqlar prosesində maraqlı olsa belə, Rusiya bu prosesi mümkün qədər uzatmaqla öz hədəflərinə çatmağa çalışır. Digər tərəfdən, Rusiyanın qazancı həm də Hörmüz boğazında yaranmış vəziyyət və dünya enerji bazarındakı ajiotajla bağlıdır. Bu proses fonunda Rusiyanın enerji resurslarına tətbiq olunmuş embarqonun müəyyən qədər zəifləməsi müşahidə olunub. Nəticədə, Rusiya qısa müddət ərzində 4 milyard dollardan artıq gəlir əldə edib ki, bu da Ukraynada müharibənin maliyyələşdirilməsi baxımından ciddi göstəricidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ukraynada davam edən müharibənin Rusiya iqtisadiyyatına ağır təsirləri və ABŞ-nin bu ölkəni zəiflətməyə yönəlmiş əvvəlki siyasəti fonunda, Moskvanın İranla bağlı gərginlikdə Tehrana müəyyən yaxınlıq göstərməsi Vaşinqtona ünvanlanan dolayı mesaj kimi qiymətləndirilir. Bir sıra ekspertlər hesab edir ki, İranda baş verən hadisələr artıq ABŞ və Rusiya arasında rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Bu yanaşmaya görə, yaranmış vəziyyət tərəflər arasında müəyyən tarazlıq görüntüsü formalaşdırır və Rusiyanın da bu prosesdən müəyyən siyasi nəticələr çıxaran aktor kimi çıxış etdiyi qeyd olunur.

Siyasi şərhçi bildirib ki, Rusiyanın bu proseslərə strateji yanaşması və İranda baş verən hadisələrdəki roluna gəldikdə, Moskva Tehrana strateji tərəfdaş kimi yanaşır.

"Bu, o demək deyil ki, Moskva Tehranı birmənalı şəkildə dəstəkləyir. Sadəcə olaraq, İranın mövqeyini qoruması və müqavimət göstərməsi Rusiyanın maraqlarına uyğun hesab olunur. Bununla belə, hazırda qlobal səviyyədə ABŞ-nin əsas rəqibinin Rusiya olduğunu demək düzgün deyil. Qlobal rəqabətdə əsas aktor Çindir. Rusiya və İran isə daha çox Çinin liderlik etdiyi, formalaşmaqda olan qlobal güc mərkəzinin iştirakçıları kimi qiymətləndirilə bilər. Ukrayna müharibəsi həm də onu göstərdi ki, bu proses Rusiyanın zəifləməsinə və müəyyən mənada Çinin daha kiçik tərəfdaşına çevrilməsinə gətirib çıxarıb. Bu baxımdan, Rusiyaya təsir edən əsas amillərdən biri də məhz Çin faktorudur. O səbəbdən, Rusiya ilə ABŞ arasında qlobal miqyasda tam bərabər rəqabətin mövcud olduğunu demək doğru olmaz. ABŞ müəyyən çətinliklərlə üzləşsə də, ümumilikdə öz məqsədlərinə qismən nail ola bilir. Nəticə etibarilə, Rusiya qlobal güc deyil, daha çox qlobal hərbi güclərdən biri kimi çıxış edir. Onun iqtisadi, siyasi və coğrafi imkanları hələlik tam qlobal gücə çevrilmək üçün kifayət etmir. Xüsusilə nəzərə alsaq ki, Rusiya iqtisadiyyatı əsasən enerji resurslarından asılıdır və yüksək texnologiyalar sahəsində geridə qalır, bu yanaşma daha real görünür. Buna baxmayaraq, mövcud qarşıdurmada Rusiyanın müəyyən nəticələr əldə etməsi faktdır. Ən azı beynəlxalq ictimaiyyətin diqqətinin İran istiqamətinə yönəlməsi Moskva üçün müəyyən üstünlüklər yaradır. Eyni zamanda, Rusiya Ukraynada öz hədəflərinə çatmaq üçün addımlar atır və sanksiyaların müəyyən qədər yumşalması fonunda iqtisadi gəlirlər əldə edir. ABŞ-nin diqqətinin İrana yönəlməsi isə Rusiyanın strateji maraqlarına uyğun gəlir. Lakin bütün bunlara baxmayaraq, Rusiya hazırda ABŞ üçün qlobal səviyyədə əsas rəqib hesab olunmur".

Rəfiqə Namazəliyeva,

AzNews.az