- Siyasi müzakirə
- 19:53
- 1 883
"Paşinyan Moskvada prinsipial mövqe sərgilədi" – Oqtay Qasımov
"Paşinyanın Moskva səfəri əslində çox maraqlı məqamlarla yadda qaldı. Rusiya tərəfi faktiki olaraq Ermənistan qarşısında ultimativ tələblər qoyub və Ermənistanı siyasi olaraq sıxışdırmağa çalışır. Amma Paşinyanın Putinlə görüşdə tutduğu mövqe kifayət qədər prinsipial və diplomatik təsir bağışladı və bir çox məsələlərlə bağlı Ermənistanın özünün müstəqil siyasət yeritməsi ilə bağlı mesajlar verildi. Hazırda Rusiya–Ermənistan münasibətləri kifayət qədər böhran deməzdim, daha çox transformasiya dövrünü yaşayır. Çünki Rusiya Cənubi Qafqazda hazırda itirilmiş mövqelərini bərpa etməyə çalışır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkiləri ərəfəsində Rusiyaya səfəri müzakirələrə səbəb olub. Səfər öncəsi Rusiyanın seçkilərə müdaxilə edəcəyi ilə bağlı iddialar gündəmi gərginləşdirmişdi və bu fon səfərin siyasi məqsədlərlə bağlı olduğu ehtimallarını gücləndirib. Moskvada keçirilən etiraz aksiyasında Paşinyan hökuməti sərt tənqid olunub. Bu şəraitdə Baş nazir Rusiya ilə problemlərin həlli üçün alternativ yolların vacibliyini vurğulasa da, bu siyasətin hansı istiqamətə xidmət edəcəyi açıq qalır.
Siyasi şərhçi qeyd edib ki, Rusiya Ermənistanda seçkilərə müdaxilə etməklə mövqelərini bərpa etməyə çalışır və seçkilərin nəticələrindən asılı olaraq onun bölgədəki təsir imkanlarını qiymətləndirmək mümkündür.
"Əgər Paşinyan hakimiyyətdən gedərsə və Rusiya yönlü qüvvələr parlament seçkilərində üstünlük qazanarsa, bu, Rusiyanın Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi kimi dəyərləndirilə bilər. Əks halda, Paşinyan hakimiyyətdə qalarsa, o zaman indiyədək yürütdüyü siyasət davam edəcək – Rusiyaya mümkün qədər bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq və Qərblə münasibətləri inkişaf etdirmək xətti qorunacaq. Əgər Rusiya yönlü qüvvələr hakimiyyətə gələrsə, hesab edirəm ki, onlar da birdən-birə Qərb yönlü siyasətdən imtina etməyəcəklər. Rusiya ilə bağlı müəyyən addımlar atılacaq, amma qısa müddətdə kəskin dönüş gözlənilmir. Lakin bütün hallarda Rusiya yönlü qüvvələr hakimiyyətə gələrsə, bunun ehtimalı çox yüksək deyil və belə bir vəziyyətdə Rusiya Cənubi Qafqazda daha aqressiv siyasət həyata keçirməyə başlaya bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az