"Revanşist qüvvələrin etirazları prosesi dayandıra bilməz" – Oqtay Qasımov

"Ermənistanda sərhəd kəndlərinin yenidən məskunlaşdırılması ilə bağlı hökumətin atdığı addımlar, əslində, müəyyən mənada seçkiqabağı təbliğat vasitəsi kimi də qiymətləndirilə bilər. Belə ki, Rusiya meyilli qüvvələr və revanşist dairələr hakimiyyəti “təslimçilikdə” ittiham edir, xüsusilə sərhəd bölgələrində Azərbaycana güzəştlər edilməsi iddialarını ön plana çəkirlər. Məhz bu şəraitdə hökumət iki əsas məqsəd güdür. Birincisi, bu təbliğat tezislərinin əsassız olduğunu nümayiş etdirməkdir. İkincisi isə sərhəd kəndlərinin yenidən məskunlaşdırılması, həmin ərazilərin real yaşayış üçün yararlı hala gətirilməsidir. Bu prosesin gələcəkdə delimitasiya və demarkasiya mərhələsinə ciddi təsir göstərəcəyi gözlənilmir. İki il əvvəl Qazax istiqamətində aparılan delimitasiya-demarkasiya prosesi göstərdi ki, revanşist qüvvələrin etirazlarına baxmayaraq, proses sakit və planlı şəkildə həyata keçirilə bilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ermənistanda sərhəd kəndlərinin yenidən məskunlaşdırılması ilə bağlı həyata keçirilən dövlət təşəbbüsləri və paralel aparılan delimitasiya prosesi regionda geosiyasi müzakirələri yenidən intensivləşdirib. Bu fonunda Azərbaycanın Qazax rayonuna aid anklav kəndlərinin gələcək statusu bir daha diqqət mərkəzinə çıxıb.

Siyasi şərhçi bildirib ki, Qazaxın kəndləri ilə bağlı məsələdə Azərbaycanın mövqeyi artıq aydın və dəyişməzdir.

"İki il əvvəl Baş nazirin müavini Şahin Mustafayevin ofisi tərəfindən səsləndirilən açıqlamada işğal altında olan 8 anklav kənddən 4-nün qeyd-şərtsiz qaytarılması tələb olunmuş və bu tələb yerinə yetirilmişdi. Digər 4 anklav kəndin taleyinin isə delimitasiya və demarkasiya prosesi çərçivəsində həll olunacağı bildirilir. Bu baxımdan, məsələnin məhz həmin prosesin tərkib hissəsi kimi öz həllini tapacağı gözlənilir. Şübhəsiz ki, bu kəndlərin gələcək taleyi Ermənistanda keçiriləcək seçkilərdən sonra formalaşacaq siyasi vəziyyətdən asılı olacaq. Əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa, sülh müqaviləsinin imzalanması üçün referendum keçirilməsi və daha sonra bu sənədin rəsmiləşdirilməsi ehtimalı artır. Bunun ardınca delimitasiya və demarkasiya çərçivəsində kəndlərin qaytarılması məsələsi yenidən gündəmə gələcək və əsas müzakirə mövzularından birinə çevriləcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az