- Siyasi müzakirə
- 21:30
- 882
“Orban dövrü Avropa İttifaqında parçalanma meyillərini gücləndirirdi” – Azər Həsrət
"Viktor Orbanın baş nazirliyi dövründə Macarıstan Avropa İttifaqı daxilində mərkəzdənqaçma mövqeyi ilə çıxış edən ölkələrdən biri kimi qəbul olunurdu. O, bir sıra hallarda Avropa İttifaqının, xüsusilə də Rusiya ilə bağlı qərarlarını veto etməklə gündəmə gəlirdi. Bu kontekstdə Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq yardım paketi ilə bağlı Macarıstanın vetodan istifadə etməsi də müzakirə mövzusu olmuşdu. Belə bir şəraitdə Orbanın siyasəti Avropa İttifaqı daxilində ziddiyyətlərin artmasına səbəb olan amillərdən biri kimi dəyərləndirilirdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Kirill Dmitriyev Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib ki, Macarıstanda keçirilən parlament seçkilərinin nəticələri Avropa İttifaqının dağılma prosesini sürətləndirə bilər. Xatırladaq ki, son parlament seçkiləri gözlənilməz nəticə ilə yekunlaşıb. 16 ildir hakimiyyətdə olan Viktor Orban və onun rəhbərlik etdiyi “Fidesz” partiyası ciddi məğlubiyyətə uğrayıb. Seçkilərdə yeni lider Peter Madyarın rəhbərlik etdiyi müxalif “Tisza” partiyası böyük üstünlüklə qalib gəlib. İlkin nəticələrə əsasən, “Tisza” parlamentdəki 199 yerdən 138-ni qazanaraq konstitusion çoxluğu təmin edib. Viktor Orban məğlubiyyəti etiraf edərək nəticələri “ağrılı, lakin aydın” kimi qiymətləndirib və müxalifətdə fəaliyyət göstərəcəklərini bəyan edib.
Siyasi şərhçi qeyd edib ki, son seçkilərdən sonra yeni rəhbərlik Avropa İttifaqı və NATO ilə inteqrasiyanın gücləndiriləcəyini, ümumilikdə isə xarici siyasətdə daha konstruktiv xəttin izlənəcəyini bəyan edib.
"Həmin rəhbərlik Ukraynaya ayrılması planlaşdırılan yardım məsələsində də əvvəlki vetonun aradan qaldırılacağını açıqlayıb. Bu baxımdan, yeni siyasi kursun Macarıstanın Avropa İttifaqı ilə münasibətlərini daha da yaxınlaşdıracağı və inteqrasiyanı gücləndirəcəyi gözlənilir. Bu isə ölkənin əvvəlki dövrlə müqayisədə daha fərqli xarici siyasət xətti seçdiyini göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az