“Hörmüz boğazı bloklanarsa, heç kimin gəmisi keçməyəcək” – Ədalət Verdiyev

"Hörmüz boğazını bloklamaqla bir daha İrana izah etməyə çalışır ki, əgər bu boğazdan mənim gəmilərim keçməyəcəksə, o zaman heç kimin gəmisi keçməyəcək. Blokada artıq bu gündən qüvvəyə minib və bir sıra gəmilər, o cümlədən də Çinə məxsus olan, ancaq başqa ölkələrin bayrağı altında üzən bir neçə gəmi artıq Hörmüz boğazı istiqamətində hərəkətini dayandırıb və əks istiqamətdə yönəlib. ABŞ ilə İran arasında qarşıdurma onsuz da mövcud idi, amma düşünmürəm ki, İranın real potensialı ABŞ-ı bu plandan geri addım atmağa kifayət etsin".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazında İrana qarşı blokada rejimini tətbiq edib və bu qərar artıq qüvvəyə minib. Yeni rejimə əsasən, İran limanlarına daxil olan və ya həmin limanlardan çıxan bütün gəmilər ABŞ-nin hərbi blokadası ilə üzləşəcək. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçidi üçün imkanlar saxlanılır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran limanlarına giriş-çıxış edən gəmilərə qarşı blokada tətbiq ediləcəyini açıqlamışdı.

Ekspert qeyd edib ki, İranın dəniz qüvvələrinə məxsus döyüş gəmilərinin böyük hissəsi artıq sıradan çıxarılıb.

"20%-lik bir potensialla ABŞ-a qarşı açıq qarşıdurmaya getmək İranın maraqlarına uyğun gəlməyəcək. Vəziyyət kifayət qədər gərgindir. ABŞ istiqamətində xırda bir insident, kiçik bir atəş belə qarşıdurmanın yenidən alovlanmasına gətirib çıxara bilər. İran raketlərindən Hörmüzü bloklayan gəmilər istiqamətində atəş açmaq ehtimalı mövcuddur, bunu kimsə istisna edə bilməz, amma onların ABŞ-nin hava müdafiə sistemini keçərək gəmilərə zərbə endirməsi ehtimalı o qədər də böyük deyil. Başqa bir təhlükəli istiqamət də mövcuddur. Bu da ondan ibarətdir ki, İran nefti ilə dolu olan tankerlər hər iki istiqamətdə keçərkən ABŞ döyüş gəmiləri ilə qarşılaşmalı olacaq. Bu zaman həmin gəmilərin İranla əməkdaşlığa görə saxlanılması və müsadirə olunması istisna deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az