“Bu addım Avropa və Ukraynanın siyasi mövqeyinin ifadəsidir” – Zaur İbrahimli

"Bu tribunal təşəbbüsü daha çox informasiya və psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Çünki bundan əvvəl də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı order verilmişdi. Lakin bu qərara bir çox ölkə tərəfindən əməl olunmadı. Hətta bəzi Avropa dövlətləri həmin qərardan sonra da Rusiya prezidenti ilə əlaqələri davam etdirdilər. Eyni zamanda hazırda ABŞ-da Donald Tramp administrasiyası ilə Rusiya arasında intensiv dialoqun şahidi oluruq. Bu baxımdan, tribunal təşəbbüsü daha çox Avropa və Ukraynanın siyasi mövqeyinin ifadəsi kimi dəyərləndirilə bilər. Bu addım həm də prezident Putinə və mövcud Rusiya siyasi-hərbi elitasına qarşı psixoloji təzyiq vasitəsi kimi çıxış edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, Ukrayna ötən il Avropa Şurası ilə birlikdə Rusiyanın təcavüz cinayətlərinin araşdırılması üçün Xüsusi Tribunalın yaradılması barədə razılıq əldə edib. Fransa təşəbbüsə qoşulduğunu açıqlayıb, digər ölkələr də dəvət olunur. Tribunal sübutların toplanması və ittihamların hazırlanması ilə məşğul olacaq. İslandiya və Polşanın da qoşulacağı gözlənilir, sənəd isə Avropa Şurasında səsverməyə çıxarılacaq. Bununla belə, təşəbbüsün müharibənin gedişinə təsiri hələ qeyri-müəyyəndir.

Siyasi şərhçi qeyd edib ki, bu təşəbbüs eyni zamanda Rusiya üzərində əlavə təzyiq mexanizmlərinin formalaşmasına zəmin yarada bilər.

"Xüsusilə dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı müəyyən hüquqi bazanın yaradılması ehtimalı var. Burada söhbət həm dövlət aktivlərindən, həm də iş adamlarına və ayrı-ayrı şirkətlərə məxsus vəsaitlərdən gedir. Tribunalın çıxaracağı qərarlar bu istiqamətdə yeni normativ çərçivənin formalaşmasına təkan verə bilər. Eyni zamanda, bu mexanizm gələcəkdə Rusiyaya qarşı daha ciddi təzyiq aləti kimi istifadə oluna bilər. Ümumiləşdirsək, qeyd etmək olar ki, bu tribunal təşəbbüsü hazırda Rusiya-Ukrayna müharibəsinin gedişinə birbaşa və ciddi təsir göstərməyəcək. Lakin uzunmüddətli perspektivdə Rusiyaya qarşı təzyiqlərin artması, aktivlərin istifadəsi və sanksiyaların gücləndirilməsi baxımından yeni imkanlar və hüquqi zəmin formalaşdıra bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az