- Siyasi müzakirə
- 20:20
- 1 269
“ABŞ-dən asılılığın azalması Avropa üçün strateji zərurətə çevrilir” – Kənan Novruzov
"ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər son dövrlərdə getdikcə gərginləşir. Bu proses ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. Xüsusilə Rusiya–Ukrayna müharibəsi ilə bağlı tərəflər arasında yaranan fikir ayrılıqları münasibətlərdə əlavə gərginlik yaradıb. Bu tendensiya ümumilikdə Trampın prezidentliyi dövründən etibarən müşahidə olunur və zamanla daha da dərinləşib. Bu isə qlobal təhlükəsizlik arxitekturası üçün ciddi çağırışlar yaradır. Nəticədə, Avropanın öz təhlükəsizliyini daha çox özü təmin etməsi zərurəti gündəmə gəlir. Yaxın illərdə, ən azı hazırkı mərhələdə, bu istiqamətdə dəyişikliklərin davam edəcəyi ehtimal olunur. Trampın hakimiyyətdən getməsindən sonra vəziyyətin dəyişməsi mümkün olsa da, hazırkı şərtlər altında bunun tezliklə baş verəcəyi görünmür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, son aylarda ABŞ və Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə siyasəti üzrə müzakirələr xeyli intensivləşib. Xüsusilə Vaşinqtonun NATO çərçivəsindəki öhdəliklərinə yanaşması və Avropanın kollektiv təhlükəsizlik sistemindəki rolu ilə bağlı fərqli baxışlar Avropa qitəsində müdafiə strategiyasının gələcəyi ilə bağlı yeni müzakirələrə yol açır. Bu şəraitdə bir sıra Avropa siyasətçiləri qitənin təhlükəsizlik sahəsində ABŞ-dən asılılığının azaldılmasının zəruri olduğunu bildirirlər. Bu mövzuya dair çıxış edən Joschka Fischer isə vurğulayıb ki, ABŞ Avropanın müdafiə təminatından çəkilərsə, Avropa öz təhlükəsizlik arxitekturasını, o cümlədən nüvə çətiri məsələsini yenidən nəzərdən keçirməli olacaq.
Siyasi şərhçi qeyd edib ki, Avropa ölkələri artıq öz təhlükəsizlik və müdafiə siyasətlərində daha müstəqil xətt yürütməyə başlayıblar.
"Bu da hərbi xərclərin artırılması və müdafiə sahəsinə daha çox investisiya yönəldilməsi ilə özünü göstərir. Hətta bəzi ekspertlər Avropanın gələcəkdə öz “nüvə çətiri”ni formalaşdırmasının mümkünlüyünü də istisna etmirlər. Bununla belə, ümumi mənzərə göstərir ki, qarşıdakı dövr Avropa üçün çətin olacaq və bütün ölkələrin bu prosesdən eyni dərəcədə uğurla çıxacağı da sual altındadır".
Rəfiqə Namazəliyeva,
AzNews.az