Mənim üçün çətindir, ayrı yerdən gəlirim gəlmir. Mənim üçün çətindir, ayrı yerdən gəlirim gəlmir.
  • Hadisə
  • 10 Fevral 2019 21:17
  •  6 921

Pulum yoxdur, imkansızam - Mübariz Tağıyev

Mənim üçün çətindir, ayrı yerdən gəlirim gəlmir.

AzNews.az-ın “Morze əlifbası” layihəsinin bu günkü qonağı xalq artisti, AzTV-nin nəzdində yaranan Bədii Şuranın üzvü Mübariz Tağıyevdir.

- Mübariz müəllim, Azərbaycan Televiziyasının nəzdində Bədii Şuranın yaradılması ilə bağlı qərar verilib. İdeya kim tərəfindən irəli sürülüb?

- Bunu illərdir ki, gözləyirdik. Bilirsiniz ki, vaxtı ilə bu televiziyanın nəzdində Bədii Şura fəaliyyət göstərirdi. Bilmirəm, hansısa səbəbdən Bədii Şura fəaliyyətini dayandırmışdı. AzTV bütün televiziyaların, o cümlədən xalqın güzgüsüdür. Bu kanal həmişə ön planda olmalıdır. İdeya AzTV-nin rəhbəri Rövşən Məmmədov tərəfindən irəli sürülüb. Bədii Şuranın üzvləri müəyyənləşib. Hardasa 9 nəfər sənət aləmində sözünü deyən şəxslər var ki, onlar Bədii Şurada təmsil olunur. Biz musiqidən tutmuş bütün sahələrlə bağlı fikirlərimizi səsləndirəcəyik.

- Bədii Şuranın tərkibində kimlər təmsil olunur?

- Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev və bəndəniz təmsil olunur.

- Bədii Şura Azərbaycan tamaşaçısına nə verəcək?

- Yeni verilişlərin hazırlanması, müsabiqələrin keçirilməsi, yaddan çıxıb, unudulan mahnıların, əsərlərin yenidən cəmiyyətə tədqim olunması və s. kimi işlər Bədii Şuranın fəaliyyəti nəticəsində həyata keçiriləcək. Elə şeylər var ki, tamaşaçıya kömək etmək əvəzinə daha da maneçilik törədilir. Əgər həqiqi mənada Bədii Şuranın işi səmimi və obyektiv olsa, bu, Azərbaycan tamaşaçısına çox şey verəcək. Cəmiyyətə vaxtın, zamanın nəbzinə uyğun musiqilər təqdim olunacaq. Xalq xeyli vaxtdır ki, yaxşı musiqi eşitmir, sanki acdırlar. 20 il bundan əvvəl olan Bədii Şurada şəxsiyyətlər təmsil olunurdu. Onların çoxusu həyatda yoxdur. Bunlar keçid dövrü ilə bağlı məsələlər idi.

- Həmin Şura fəaliyyətini dayandırandan sonra bayağı musiqilər və onların ifaçıları efirlərə yol açdı…

- Tamamilə doğrudur. Bu gün restoran musiqiləri efirlərə çıxıb. Hamı belə mahnılar oxuyur. Gənc nəsil böyüyür, zövqləri korlanıb. Bədii Şuranın yaranmasının əsas səbəbi də budur. Məqsədimiz ancaq gəncliyə kömək edib, onları düzgün istiqamətləndirməkdir. 45-30 dəqiqəlik verilişlər var, orada bütün efir boyu oturub danışmaq nə qədər həqiqətə uyğundur? Ola bilər ki, mövzu problem qabartsın. Pinti şoulardan uzaqlaşmaq lazımdır. Lazım olan yerlərdə vətənpərvər mövzular işıqlandırılmalıdır. Qarabağın işğal altında olan bir zamanda həllini gözləyən çox məsələlər var. Əvvəllər yadımdadır, qısa müddətdə müsabiqələr keçirilirdi. Vətənpərvər mövzular az da olsa işıqlandırılırdı. Fakt bu gün onların heç biri yoxdur. Biz hələ müharibə şəraitindəyik. Şura təzə yaranıb, mövzular çoxdur. Gəncləri dəvət etmək, onlarda maraq oyatmaq lazımdır. Əminəm ki, Bədii Şurada təmsil olunanlar bunun ödəsindən gələ biləcəklər. Bütün Şura üzvlərinin öz sahəsində fikirləri var. Yeni yaranan Şuranın bizə çox köməkliyi dəyəcək. Buna əminəm, bir şərtlə ki, maneələr olmasın. Rövşən müəlim gəncdir, çalışacaq ki, işləsin. O da bilir ki, Azərbaycan musiqisi ilə bağlı illərdir yığılıb qalan problemlərr var.

- Siz Şura üzvləri bayağı musiqilərin ifaçılarını efirə buraxmayacaqsınız. Amma həmin müğənnilərin qadağa qoyulan musiqiləri digər özəl kanallarda səslənəcək.

- Bədii Şura Milli Elmlər Akademiyasının nəzdində yaranır. Bu üzdən Bədii Şuranın bütün rəyləri digər özəl kanallara da yönələcək. Biz ümidvarıq ki, bu alınacaq. Çox məsələlər var ki, bunun vaxtında qarşısını almalıyıq.

- Bu il dahi İmadəddin Nəsimi ili elan olunub. İl başlayar-başlamaz müğənni Afət Fərmanqızı onun qəzəlinə mahnı bəstələyib. Bu isə cəmiyyətin narazılığına səbəb olub…

- Bu da bir istəkdir. Fikirləşib ki, bunu etsə, kiməsə xoş gələcək. Amma təəssüf ki, yaxşı qarşılanmayıb. Bədii Şura belə yerdə lazımdır. Belə şeyləri efirə vermək olmaz. Bilirsiniz ki, sosial şəbəkələri dayandırmaq mümkin deyil. Artıq bu böyüyüb və inkişaf edir. Sadəcə ekran vasitəsi ilə müəyyən məsələlərin qarşısını almağa çalışmalıyıq. Nəsimi ili ilə bağlı çoxlu işlər planlaşdırılır. İlk öncə televiziya filmi çəkiləcək. Hazırda bunun üzərində iş gedir, aktyorlardan da istifadə olunacaq. Təqdim olunan ssenarilərə baxılır, onlardan ən yaxşısını təqdim edəcəyik. Bütün redaksiyalarda verilişlər hazırlanacaq.

- Tamaşaçılarınız səsiniz üçün darıxır. Planlarınızda solo konsert varmı?

- Mən də onlar üçün darıxmışam. Səmimi insanam, düzünü deyəcəm, maliyə məsələləri ilə bağlı problemlərim var. Mənim üçün çətindir, ayrı yerdən gəlirim gəlmir. Bir sözlə, konsert verməyə pulum yoxdur. Bunun üçün yaxşı imkan lazımdır. Mənsə imkansızam. Konsert verəcəyim məkanın səhnə dekorasiyası, mahnılar, geyimlər bunlar hamısı olmalıdır. Mənimsə o qədər pulum yoxdur.

Bahar RÜSTƏMLİ

AzNews.az