Facebook olmasa, əsl ədəbiyyat nəfəs alar - Nuranə Nur

Qələmini həyata batırıb yazanlar daim axtarır

AzNews.az-ın “Dali yığıncağı” layihəsinin növbəti qonağı “Ədəbiyyat qəzeti”nin ədəbi işçisi, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nuranə Nurdur.

- Yaradıcılıq necə gedir? Hansı yazılar üzərində işləyirsiz?

- Yaradıcı adamlar üçün həyat başdan ayağa yaradıcılıqdır. Məncə onlardan yaradıcılıq barədə soruşanda bu suala “xala xətri qalmasın” deyə cavab verirlər. Təbii ki, yazan adam yazmayanda özündə, həyatında çatışmazlıqlar hiss edir. Amma yazmaq istehsal deyil, öhdəlik deyil, plan deyil, həyat tərzidir. Bəzən hər yazdığımızı üzə çıxarmırıq, bəlkə utanırıq, bəlkə güvənmirik, bəlkə inanmırıq və s. Yaradıcılığın ən böyük düşməni şübhədir. Yazmağın ən çətin anı başlamaq, ən gözəl anı bitirməkdir. Həyat təkcə yaşamaq üçün deyil, yaşatmaq da var. Yazmaq isə həm yaşamaq, həm yaşatmaqdır. Yaşam problemləri olmasa, həyatdan zövq almağın ən gözəl üsulu yazmaqdır. Xüsusi olaraq yazı üzərində işləmirəm, həyatdan yorulanda yazılarda dincəlirəm.

- Səhv etmirəmsə, cəmi 2 kitabınız dərc edilib, sizcə bu, az deyil?

- Üç kitabım dərc olunub - ikisi Azərbaycanda, biri Tehranda. Düzdür, ədəbi aləmdə olduğum illərə görə kitabımın sayı azdır. Səbəb maddiyyata və çapa can atmamağımla bağlıdır. Mənə görə kitabın sayı yaradıcılığı müəyyən etmir. Cild-cild kitabları olan adamlar var, nəşriyyatların büdcəsindən başqa heç kimə xeyri yoxdur. Yazıçının özünün də, oxucunun da kitaba münasibəti və davranışı fərqlidir. Məsələn, mən şeir yazıram, bu, çox adama lazım deyil. Kitab çıxarmaqla mən kiməsə nə bilgi, nə informasiya, nə tərbiyə verirəm. Verə bilsəm, zövq verə bilərəm, bu isə başqa aləmin insanlarına aiddir. Bir var, sənət üçün yaşamaq, bir də var yaşamaq üçün sənət. Amma özünü təqdim etmək və nüfuz üçün yazıçının kitabları olmalıdır.

- Yaxın vaxtlarda yeni kitab nəşr etdirmək kimi fikriniz varmı?

- Əlbəttə var, söhbət əgər yalnız fikirdən və mətndən gedirsə, var. Bu iş təkcə fikirlə həll olunmadığına görə başqa söz deyə bilmərəm.

- Yaradıcılığınızda bir gün poeziyadan nəsrə keçid ola bilərmi? Məsələn, roman.

- Bunu zaman göstərər, hələ ki, belə bir hissim yoxdur. Bu hissin yaranmaması üçün bir neçə səbəb var. Əsas səbəb - səbr, daha sonrakı səbəblər - həyat tərzi, yazı şəraiti. Roman yazan adam rahat olmalıdır, həm psixologi, həm həyat şərtləri. Yazıçılar yazı masalarına daha sadiq adamlardı, şairlər bir anın içində hər hansı bir hadisədən təsirlənib yaza bilər, amma yazıçı çox müşahidə etməlidir. Mən yazıçıları əkinçilərə, şairləri ovçulara bənzədirəm. Əkinçi əkir, suvarır, gözləyir yetişsin, becərir və məhsulunu yığır. Yəni əziyyəti çoxdur. Ovçu isə bir anın içində ovunu nişan alıb vurur. Yaxşı şair ovu gözündən vurandır.

- Şeirləriniz insan olsaydı, onlara nə deyərdiniz?

- Maraqlı sualdır. Şeir birtərəfli dialoqdur. Özünlə və ya oxucunla danışırsan, cavab gözləmirsən. Şeirlərim insan olsaydı, etiraf edərdim ki, onlara çox vəfalı deyiləm, mənə çox ümüd olmasınlar. Başqa müəllifdən gözəl bir şeir oxuyanda onları unuduram, amma onlar məni unutsa, həyatdan küsərəm. Qayğılarını çəkə bilmirəm, gələcəyə göndərməyə söz verə bilmirəm, məndən çox yaşaya bilsələr, eşq olsun!

- Bəzən fikirlər səslənir ki, ədəbiyyatımız Facebookdan asılıdır, Facebook bağlansa, ədəbiyyat çökər. Bu fikirlə razısınız?

- Facebook olmasa, əsl ədəbiyyat nəfəs alar. Facebookdan asılı olan ədəbiyyatın aldadıcı şöhrəti ola bilər, amma brend ola bilməz. Doğrudur, Facebook bizim oxucularımızla ünsiyyət yaratmaq imkanlarımızı artırır. Kitab tirajımızın ən çox 500 nüsxə olması müqabilində, Facebookda minlərlə izləyicimiz, oxucumuz var. Həm yaradıcılığımızla, həm şəxsiyyətimizlə yaxından tanış ola bilər, əlaqə saxlaya bilərlər. Amma Facebook yaradıcılıq sərgisi deyil, şəxsi tribunadır, kim nə istəsə, paylaşa bilər. Müəyyən qruplar yaradılıb, yalnız müəyyən sahənin nümayəndələrini təbliğ edən paylaşımlar edilir. Lakin bizim oxucularımızı seçmək haqqımız yoxdur. Facebook kütlədir və sən burda ancaq sosial varlıqsan. Bu müstəvidə “dostlarını” süzgəcdən keçirə bilərsən, lakin hər təbəqədən insan izləyicin ola bilər. Saxta profillər, saxta münasibətlər çoxdur. Şəxsən tanıdığın və zövqünə güvəndiyin adamlardan başqalarına yalnız oxucun və ya izləyicin kimi hörmət etməlisən. Facebookun şöhrətinə aldanmaq, özünü burda qəhrəman və ya ulduz hesab etmək gülməlidir.

- Azərbaycanda şair çoxdur, şeir az. Şairlə şeir yazanın fərqi nədir?

- Bayaqkı söhbət. İndi hamının əlində telefon var, kamera var, hamı jurnalistdir. İstədiyi vaxt nə istəsə çəkib, üstündə 7-8 hərf və qrammatik səhvi olan cümlə yazıb paylaşacaq. Və ya kimsə sevgilisinə hisslərini çatdırmaq üçün bir-iki qafiyə tapıb düzüb qoşub, şeir yazıb paylaşacaq. Oxucular hərdən yazır ki, şairə xanım, mən də əvvəllər şeir yazırdım, sonra yazmadım. Yəni onlar elə düşünür ki, şairlərlə onların fərqi yalnız şairlərin bu işi davam etdirməkləridir. Ümumiyyətlə, biz şair xalqıq, deyəndə, əsl şairləri nəzərdə tutmayıblar. Yəni Azərbaycanda hamı nə vaxtsa heç olmasa bir şeir yazıb. Bu ilk sevgi dönəmlərində və ya çox sevib sevdiyindən haqsızlıq görən vaxtlar olub. Həyatında hər şey normal olanda yazmaq ehtiyacı duymur və hətta şeir yazmağa bekarçılıq, darıxmaq əlaməti kimi baxırlar. Bizdə şeirə olan münasibət budur. Şeir yazanlar çoxdur, hətta əsl poeziya anlayışı olanlardan daha məhsuldar və oxunandılar. Hər gün yazırlar, hər gün paylaşırlar. “Əla” , “Ürəyinə sağlıq” , “Yazan qələminiz tükənməsin”, “Əlləriniz ağrı görməsin” kimi yazılan rəylər onların qiymətidir. Məsələn, mənə tez-tez şeirlər göndərirlər, oxuyum, fikir bildirim. Nə deyim, bilmirəm, əsl şeirdən xəbərsiz olan adam mənim iradımı da qəbul etməyəcək. Sadəcə “Təbrik edirəm, səmimi hisslərdir” yazıram. Bəzən olub ki, təhlil edib bəzi çatışmamazlıqları qeyd etmişəm. Onda da yazırlar ki, “mən başqa sahənin adamıyam, özüm üçün yazıram”. Özü üçün yazan adam niyə ictimai rəy istəyir, anlamıram.

- Bir müəllif deyib ki, “ən sevdiyim şair bacarmadığını bildiyi halda yazmağa davam edəndir”. Bu barədə necə düşünürsünüz?

- Bu, istisnadır, çox istedadlı adamlara aid ola bilər. Bəzən ola bilər, çox istedadlı adamdı, sadəcə yazır, amma üslubunu, stixiyasını müəyyən edə bilmir. O, öz üzərində işləyir, yəni hey yazır və zamanla düzəlir. Uğurun səbəbi istedad, zəhmət və səbrdir. Tək istedad adamı çox apara bilmir, bir müddət sonra tükənir. Gərək o istedadı vərdişə çevirəsən, bu, artıq təcrübədir. Bu təcrübə isə nəzəriyyəyə söykənir, yəni mütaliəyə.

- Sizə elə gəlmir ki, bu gün ədəbiyyatımızda istedad yox münasibətlər daha çox rol oynayır?

- Bu hal təkcə ədəbiyyat üçün deyil, bütün sahələrdə keçərlidir. Ümumiyyətlə, bizim cəmiyyət münasibətlər üzərində qurulub. Tanışlıq, tapşırıq olmasa yola çıxmaq çətindir. Ədəbiyyatda bu bir az fərqlidir. Normalda gənc istedadlı yazarların təqdimatını artıq tanınmış, sözünün nüfuzu olan yaşlı yazıçılar etməlidir. Bunu istedadsız adamların önə çəkilməsi ilə eyni tutmaq olmaz. Bəli, bəzi tənqidçilərimiz yalnız öz münasibətləri olan adamların yaradıcılığı haqqında yazırlar. Bəzi qəzetlər, jurnallar, saytlar qruplaşmalar şəklində fəaliyyət göstərirlər. Əksər hallarda ədəbi kriteriyaları təyin etsələr də, əsl istedada bu vəziyyət cüzi təsir edir. Kiməsə, kimisə məcburən oxu və ya oxuma demək olarmı? Sadəcə təqdim edəndə istedadlı adamı təqdim etmək lazımdır.

- Ramiz Rövşən demişkən, “daha yazılası bir söz qalmayıb”. Razısınız ki, getdikcə ədəbiyyat özünü təkrarlayır, yeni heç nə yoxdur?

- Əsla razı deyiləm. Düşüncənin də təkamülü var, deyiləsi söz qalmayıb anlayışı yalnışdır. Bu istedadsızlığın sığortasıdır. Kimsə tükənibsə, bu o demək deyil, söz tükənib. Əlbəttə ki, hər bir dilin lüğətində məhdud sayda söz var. Mən deyiləcək söz deyəndə bu sözləri yox, bu sözlərdən ibarət cümlələri, misraları yox, bu sözlərdən yaranan fikirləri nəzərdə tuturam. Fikirlər necə tükənə bilər? Nə qədər düşüncə var, yaddaş var, fikirlər inkişaf edir. Unudulmuş fikirlər yenidən və yeni xatırlanır. Dar və geniş düşüncə var, hətta düşüncəsizlik özü bir düşüncə tərzidir. Adətən səhv düşüncə düşüncəsizlik hesab olunur. Deyiləcək sözün tükənməsi düşüncəsi də səhv düşüncədir. Bundan narahat olmaq düşünə bilməkdən narahatlıqdır. Və bu səbəbdən sözün qüdrətinə şübhə ilə yanaşmaqdır.

- Sizcə son illərin ən uğurlu qadın şairi kimdir?

- Nigar Həsənzadə. İstedadı və uğurlu layihələri ilə son illərin ən uğurlu xanım şairi hesab edirəm.

- Dünya ədəbiyyatından təsirləndiyiniz şair var?

- Nazim Hikmət, Mayakovski təsir edib. Əli Kərimi çox sevirəm, bəzi şeirlərindən təsirlənmişəm. Amma bu təsir misralarıma yox, fikirlərimə olub. Yeni yazmağa başlayanda bu hallar olur. Təsirlənərək başlayırsan, daha sonra özünü ifadə etməyə başlayırsan. Özünü təsdiq edəndən sonra hətta özün özünü təkrar etməkdən qorxursan. İdman bədən əzələrini formada saxladığı kimi, oxumaq və yazmaq da beyin hüceyrələrini inkişaf etdirir. Bu imkanı özün üçün yaratmalısan.

- Yazılarınız sizə özünəinam verir, yoxsa daim “bəlkə bu yazım zəif alındı” deyə düşünürsünüz?

-Yazılarım mənə, mən yazılarıma, yəni bir-birimizə inam veririk. Təbii ki, illər keçdikcə yaradıcılığın yeni dönəmlərində yazdıqlarımı bəyənmirəm. İlk kitabımı heç kimə vermək istəmirəm. Bu inkişafdır, özünütənqiddir. Amma bu o demək deyil ki, mən keçmişdə yazdıqlarıma görə utanıram.

- İnsan həyatda özünü tapmayanda yarımçıq olur. Özünüzü bu sahədə tapa bilmisiniz?

- Ən yaxşısını tapmaq üçün axtarışa çıxanda yaxşını da itirə bilərsən. Biz bəzən cavabları əzbərləyirik, amma həyat bizə başqa suallar hazırlayır. Gizlənpaç oynayan yaşımı keçmişəm. Yarımçıq qalmış deyiləm, amma bu işin tamamı da yox. Qələmini həyata batırıb yazanlar daim axtarışdadılar.

- Ömrünüzün sonuna 1 ay qaldığı deyilsə, hansı kitabı mütləq oxuyarsınız?

- Qəribə sualdır, çətin sualdır. Dəqiq cavab verə bilmirəm. Bilmirəm, o an nələr yaşayaram, nə istəyərəm. Güclü olmaq üçün Cek Londonun əsərlərini oxuyaram.

- Mümkünsə, müsahibəmizi gözəl şeirlərinizdən biri ilə bitirək.

- Qadınların ən çox qorxduğu, üstündə titrədiyi bir mövzudur:

Gedirsən...

Elə gedirsən ,

Barmaqlarımın ucundan axa-axa,

Gözümün içinə baxa-baxa,

Yavaş-yavaş, alışdıra-alışdıra...

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra, gedirsən.

Lövbərini sahilə atıb gedən gəmi kimisən,

Dönməyəcəyini bilirəm,

gözləmirəm yolunu.

Amma baxacam arxanca,

Gözlərimin qarası ağında əriyənə qədər.

Saçlarımı vida yerinə yelləyib,

Əllərimi üzümə sıxıb yola salıram səni.

Heç getməsəydin keşkə...

Gedişin Günəşli günlərimə

qara bulud kimi çökür.

Ayları, illəri bölüşürdük

Göy qurşağım idin mənim,

Gözlərim yağandan sonra görüşürdük.

Sən gedirsən...

Hər gün bir az uzaqlığınla boyanır,

Yaşıl yatıb, sarı oyanıram.

Həyatımı baxış-baxış süstləyənim,

İllərimi naxış – naxış işləyənim,

Sənə demək istədiklərimi ürəyimdə qoyursan.

Tətiyi çəkilmiş tüfəng kimisən artıq.

Gözlərimdən, baxışlarımdan,

əllərimdən, saçlarımdan gedirsən.

Gedirsən...

Barmaqlarının ucundan axa-axa,

Gözümün içinə baxa-baxa.

Yavaş-yavaş, alışdıra-alışdıra...

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra, gedirsən.

Alacağın olsun həyat,

Onsuz da bütün sevdiklərimi alacaqsan.

Qoy onu sevə-sevə yola salım.

Əzizim, özünə yaxşı bax deyə bilməyəcəm,

Əlvida deməyə də dilim gəlmir.

Məni unutma...

Məni unutma ... GƏNCLİYİM.

- Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.

- Mən təşəkkür edirəm. Bilmirəm, nə dərəcədə qane etdi sizi. Hər halda bu da yaşanmış bir andır, zamandır, xatirədir...

Cavidan Mirzəzadə

AzNews.az

image description image description image description image description