İşi layiqincə görmək lazımdır. Pul xətrinə yox, ilk öncə imaj, ptestij önəmlidir İşi layiqincə görmək lazımdır. Pul xətrinə yox, ilk öncə imaj, ptestij önəmlidir
  • Hadisə
  • 20 May 2019 17:12
  •  7 402

Sevgi və istək olanda pul özü gəlir - Zaur Əzimov

İşi layiqincə görmək lazımdır. Pul xətrinə yox, ilk öncə imaj, ptestij önəmlidir

AzNews.az-ın “Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Ugur Group” marketinq şirkətinin rəhbəri Zaur Əzimovdur.

- Özünüzü təqdim edin.

- Mən Əzimov Zauram, 33 yaşım var. Orta məktəbi Ağdaş Özəl Türk Liseyində bitirmişəm. Daha sonra Qafqaz Universitetində təhsilimi davam etdirmişəm. Bir sıra idarəetmə, satış, marketinq təlimlərində iştirak etmişəm. Evliyəm, 2 uşağım var.

- "Ugur Group" haqqında məlumat verə bilərsiniz?

- Əslində bu sahəyə maraq 9 il təhsil sahəsində (Oskar şirkətində) Marketinq menecer kimi çalışdığım dövrlərdə daha da artmağa başladı. İdarəetmə, işçi kollektivi ilə çalışmaq, yeni kampaniyaların hazırlanması, xidmətlərin qiymət hesablanması, çap həlləri, reklam istehsalatı daha da təcrübə qazanmağıma şərait yaratdı. Ümumiyyətlə gördüyün işə ilk növbədə sevgi olmalıdır. O sevgi və istək olduqda pul özü gəlir.

Təhsil sahəsində çalışdığım vaxtlarda bir çox dostlardan, investorlardan bu sahədə birlikdə şirkət qurmaq təklifləri alırdım. Ancaq işimi təhsil xidməti sahəsində davam etdirmək istəmirdim. 10 il bu sahə üzrə çalışmaq artıq yormağa başlayırdı. Çünki çox vaxt monoton davam edən bir sahədir. Marketinq, reklam sahəsi isə hər gün yenilik, hər gün yeni nəsə öyrənmə, fərqli təkliflər, maraqlı ideyalar. Gün hardan gəldi, hardan keçdi bilmirsən. Hələ də hər gün nəsə öyrənirəm, dostlarımdan məsləhətlər alıram. O mövzuda bəxtim gətirib.

Bu sahə üzrə rəsmi şirkət olaraq 2014-cü ildə Kripto Lab adı ilə bazara daxil olduq. Bu da yenə yaxın bir dostumun sayəsində. (Haqqı bu işdə böyükdür) Bir sıra böyük və kiçik işlər görüb, yaxşı bir portfolio əmələ gətirdik.

Ancaq 2016-cı ildə bazarda tanınmağı hədəf götürüb, işi ancaq ətrafdan deyil, digər şirkətlərə fokuslanmağı qərara aldıq və UGHUR GROUP şirkətini təsis etdim. (Uğur oğlumun adıdır).

Əldə portfolio var, portfolioda sayılıb seçilən şirkət və idarələr üçün görülən işlər var. Kim tutar bizi? Sosial Media üzərindən işlərimizi paylaşmağa başladıq. Sadəcə istəyənlərə portfolio göndərdik. Ancaq soyuq satış etmədik. Ancaq planımızda var.

- Bu işi yaratmaq hardan ağlınıza gəldi?

- Bayaq qeyd etdiyim kimi monoton iş deyil, hər gün yenilik, yenilik... 10 ildə sadəcə təhsil sahəsində rəsmi işçi kimi olsam da, bir çox dost-tanışın fərqli sahələr üzrə qurduqları yeni şirkətlərdə əməyim olub. Bu da təbii ki, bu işə maraq və istəyin artmasına, bu işə bağlanmağa gətirib çıxardır.

- Ölkədə kifayət qədər reklam və marketinglə məşğul olan şirkətlər var?

- Bəli, bu sahədə çalışanlar çoxdur. Keyfiyyətli iş görən də var, keyfiyyətsiz iş görən də. Anca yenə də hər kəsin öz kontingenti var. Hər kəsin ruzisini Allah verir. Hansısa agentliyi də mühakimə etmək bizə düşməz. Ancaq yenə də işi layiqincə görmək lazımdır. Pul xətrinə yox, ilk öncə imaj, ptestij önəmlidir. Bizim heç kimlə işimiz yoxdur, başımızı aşağı salıb işimizi görürük.

- Azərbaycanda marketing sahəsini bir cümlə ilə necə ifadə edə bilərsiniz?

- Marketinq büdcəsi 6 7 rəqəmli olan şirkətlərdə çalışan marketoloq dostları və tanışları bir kənara qoysaq, çünki onların təcrübələri və marketinq büdcələri onları bir yerə gətirib çıxardıb. Ancaq yeni gələn, yetişən marketoloqlar büdcədən əziyyət çəkirlər. Sahibkarlar onlara pul ayırmır, onlar da qalıblar həştəqlərin əlində. Neynəsinlər? Bir cümlə ilə deyə bilərəm ki, inkişaf var, mütəxssislər yetişir, gələcəyi var. Çatışmazlıqlar hər sahədə var, düzələcək o da.

- Hal-hazırda ölkədə bir qisim özünə SMM, bir qisim isə Marketoloq deyir, nəyə görə belədir bu?

-Belə bir gülməli olmasa da lətifə var. Uşağın biri deyir, mənim atam Van Damı döyər, o biri uşaq da imkanlı birinin uşağı olur. Qayıdır ki, mənim atam Van Dama əlini də bulamaz, ondan ötrü onun adamları var. Sözüm ondadır ki, mən nə marketoloq deyiləm, nə də SMM. Ancaq bu sahə üzrə biliyim də var, təcrübəm də. Ancaq bunları məndən daha yaxşı bilən, bu işi lazımi şəkildə görən komanda üzvləri var. Bizi müştəri qarşısında heç vaxt utandırmadıqlarına görə də təşəkkürümü bildirirəm.

- Bu sahədə çalışmaq istəyənlərə məsləhətləriniz nələrdir?

- Məsləhət deməyək, tövsiyyə edə bilərəm ki, ilk öncə sosiallaşsınlar. İş həyatı kitablarda yazılacaq qədər rahat deyil. Hər vəziyyətdən çıxmaq üçün daim həllər lazımdır. Məsuliyyət və dürüstlük daim satışı çoxaldır. Bu sahə rus demiş "dvijeniya" (hərəkət) tələb edir. Daim hərəkətdə olmalısan. Bildiyin bir işə girməlisən, məlumatın olan sahəyə. Müştəri min cür sualla səni yoxlaya da bilər və ya bilməz, öyrənmək üçün soruşar. Sənin onunla danışığın, suallara cavabın, iş haqqında məlumatlı olmağın müştəridə səninlə işləyib, işləməməyinin qərarına təsir edir. Neçə dəfələrlə olub ki, görüş zamanl iş haqqında məlumatı o qədər dəqiqliklə vermişik ki, müştəri bizdən öncə daha ucuz qiymət təklifi aldığı agentliyə yox deyib, bizimlə işləməyə qərar verib. Öz işin haqqında məlumatın yüksək səviyyədə olmalıdır.

- Son olaraq gənclərə nələri demək istərdiniz?

- Maşallah, özüm də gəncəm. Məsləhətim budur ki, öncə gəncliyinizi yaşayın. Kitablar sizin söz ehtiyatınıza, beyninizin inkişafına təsir edir. İş həyatı isə gerçəkləri göstərir. İnsanları, həyatın çətinliyini öyrədir. Ödənişsiz təcrübə? Az maaş? Dolanışıq çıxmır? Canınız sağ olsun. 4-5 il çətinliyi var. O çətinliklər sizə TƏCRÜBƏ olacaq. Bu çətinliklərə sinə gəlin. Daha sonra sizə də deyəcəklər ki, olar sizdən müsahibə alaq?

Nigar CƏFƏR

AzNews.az