"Azadinform": Müstəqillik Azərbaycana öz taleyini müstəqil həll etmək imkanı verdi

Tarixən müstəqil dövlətlərimiz olub

Müstəqillik Azərbaycan xalqının 200 il ərzində arzuladığı bir xoşbəxtlik idi. Azərbaycan xalqı müstəqilliyə layiqdir.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın Dövlət Müstəqilliyi Günü barədə danışarkən deyib.

Millət vəkili qeyd edib ki, tarixən müstəqil dövlətlərimiz olub:

“Biz bəşəriyyətin tarixinə çox əhəmiyyətli mədəniyyət, incəsənət və digər böyük işlər sahəsində qızıl sətirlər yazmışıq. 1991-ci ildə əldə etdiyimiz müstəqillik Azərbaycana öz taleyini müstəqil həll etmək imkanı verdi.

Düzdür, 1993-cü ilə qədər hakimiyyətdə olan təsadüfi siyasi qruplar olan problemləri həll etmədilər, əksinə daha da dərinləşdirdilər. Ancaq Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycana müstəqil dövlətin bünövrəsini qoymağa, strateji inkişaf xəttini müəyyənləşdirməyə, beynəlxalq birlikdə layiqli yer tutmaq üçün böyük işlər görməyə imkan verdi.

Bu gün müstəqilliyin əldə olunmasından 28 il sonra biz Azərbaycanı inkişaf edən, vətəndaşının qayğısına qalan, problemlərin həlli üçün addımlar atan bir sivil dövlət olaraq görürük”.

Ləman Hüseynzadə

AZADİNFORM