- Dostlardan
- 2 Avqust 13:49
- 20 056
"Yeniazerbaycan.com": 10 ilə 14 milyon dollar Qubad İbadoğluna...

Sorosun Cəmil macəraları...
Bu fonddan “əmək haqqı” alan “qoca professorun” xəyanətləri
“C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi”...
Cəmil Həsənli axır ki, özü etiraf etdi. İllərlə adını “siyasi müxalifət” qoyan, əslində isə ölkəsinə, xalqına, milli maraqlarına qarşı “müxalifətdə” olan Cəmil Həsənli və yaxın ətrafı xaricdəki qeyri-sağlam mənbələrdən, daha doğrusu milli dövlətçilik anlayışına qarşı olan mənbələrdən maliyyə alıb. Xatırladaq ki, son günlər sosial şəbəkələrdə yayılan videoçarxlarda “milli şura”nın “fəxri ağsaqqalı” özü etiraf edir ki, bir müddət Azərbaycanda “Soros fondu”nun üzvü olub: “Bakıda “Soros Fondu” fəaliyyət göstərəndə mən də bordun üzvü olmuşam. Hər ay 200 dollar əməkhaqqı yazırdılar”.
C.Həsənlinin bu etirafı bir sıra məsələlərə toxunmaq zərurəti yaradır. “Soros Fondu”nun fəaliyyət istiqamətləri bəllidir - bu fondun fəaliyyəti milli dövlətçilik anlayışına qarşı yönəlib və bu fond Azərbaycanda öz maraqlarını təmin etmək üçün hansı “oyunlardan” çıxıb, bunu hər kəs bilir.
“Mövsümi fəallıq” qarışılığında qrant...
Fond Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət partiyaları və bir sıra siyasiləşmiş QHT-lərlə sıx əməkdaşlıqlar qurur, onların maliyyələşməsində müntəzəm rol alırdı. “Demokratiyanın inkişafı”, “mediaya yardım” adı altnda konkret müxalifət partiyalarına, eyni zamanda, fondun maraqlarına xidmət göstərən şəxslərə milyonlarla dollar pul ayrılır, pulun əsl fəaliyyət istiqaməti isə onlara gizli şəkildə çatdırılırdı. XXI əsrin ilk on illiyində Fond bütün dünyada özünün pozisiyasını möhkəmləndirirdi. Bəzi dövlətlərdə “kütləvi etiraz” tamaşaları yaradır, bəzilərində isə hətta silahlı üsyanı belə təşviq edirdi. Təbii ki, bir sıra dövlətlərdə bu planlar rahat şəkildə işləyirdi. Azərbaycanda isə...
Bu, daha çox, “mövsümi fəallıq”la yadda qalırdı. Məsələn, seçki öncəsində hansısa anti-Azərbaycan dairənin sifarişi, diktəsi və pulu ilə aktiv siyasi fazaya qədəm qoyanlar özlərini ciddi siyasi varlıq kimi sübut etməyə çalışırdılar. Azərbaycanda hansısa bir “siyasi fəallığın artdığı dövr”də və ya siyasi proseslərin “daha aktiv forma aldığı zamanlar”da (əsasən seçki dövründə) radikal müxalifətin bəlli kəsiminin bir sıra “xarici təşkilatlarla” “demokratiya” oyunlarına qurşandıqları açıq-aydın görünürdü. Bunun qarşılığında isə ayrılan pullar yüz minlərlə, milyonlarla dollar idi...
Etirazlara 25 milyon 505 min dollar...
Məsələn, həmin dövrün yazılı mətbuatında geniş şəkildə əks olunan bəzi faktları yenidən diqqətə çatdırmaq istərdik. Orada vurğulanır ki, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Vurğulanır ki, radikal düşərgənin nəzarətində olan QHT-lərə pul ayıran əsas mənbələrdən biri “Soros Fondu”dur. C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi. Bu fondun ayırdığı qrantların əsas “alıcıları” isə o dövrdə Müsavat Partiyası Divanının üzvü olmuş Qubad İbadoğlu olub. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bildirilir ki, C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alır.
“Soros Fondu” ilə yanaşı Oxfam kimi tanınan təşkilatın radikal düşərgəyə ayırdığı “qrantlar” da böyük həcmə malik olub. Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) yaradılan bu qurumun da pul ayırdığı əsas simalardan birisi məhz Qubad İbadoğlu və ona bağlı QHT-lər olub.
Bu təşkilatlarla yanaşı, MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu da uzun illər radikalların “pul mənbəsi” sayılıb. Məsələn, AXCP-nin nəzarətində olan “Meydan” TV-ni məhz EED maliyyələşdirirdi. EED “Meydan” TV-nin hesabına 300 min avro pul köçürmüşdü. EED AXCP sədri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürmüşdü.
Cəmil Həsənli Sorosun pullarını bölənlərdən olub...
İndi gələk əsas mövzuya - Sorosun pul ayırdığı insanların müəyyənləşdirilməsində Cəmil Həsənlinin də təmsil olunduğu “Bakı bordu” əsas rol oynayırdı. C.Həsənli ilə Sorosun fəal əməkdaşlığı sayəsində əsasən AXCP və Ə.Kərimliyə yaxın insanlar Sorosun maliyyəsindən “bəhrələnirdilər”. Təbii ki, C.Həsənliyə də bu puldan “faiz çatırdı”. Sonralar C.Həsənlinin tez-tez okeanın o tayına səfər etməsi, “Soros Fondu”nun aktiv nümayəndələri ilə görüşlər keçirməsi, hətta açıq ermənipərəst siyasət yürüdən konqresmenlər ilə görüşməsi, AXCP-nin onlarla təmasını formalaşdırması, yeni sifarişlər əsasında maliyyənin davamlılığını təmin etməyə çalışması da buna əsaslanırdı. Məhz C.Həsənlinin “Bakı bord”unda təmsil olunması onun “Soros Fondu” ilə yaxınlığını təmin etmişdi - ermənipərəst maliyyə qaynaqları C.Həsənliyə “güvənirdi”. C.Həsənlinin bu “üstünlüyü” isə onu partiyasından qovan Ə.Kərimlinin diqqətində idi. Bu səbəbdən də Ə.Kərimli heç zaman ciddiyə almadığı bir şəxsi - Cəmil Həsənlini o zamanlar yeni yaranan “milli şura”ya sədr seçdirdi, sonradan isə onun kölgəsində ermənipərəstlərin qrantlarını yeməyə davam etdi.
FETÖ-nü “diriltməyə çalışanlar...
O ki qaldı, 10 il ərzində Sorosun 14 milyon dollarına “yiyələnmiş” Qubad İbadoğluna, o da Cəmil Həsənlinin “xidmətini” unutmadı. Bu ayın əvvəlində İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təsisçiləri Qubad İbadoğlu, Cəmil Həsənli və sabiq səfir, diplomat Arif Şahmarlıdır (Məmmədov). Beləliklə də, Qubad İbadoğlu - Cəmil Həsənli işbirliyi yenidən fərqli donda təzahür etməyə başlamışdı. C.Həsənlinin olduğu “yerdə” isə Ə.Kərimlinin olmaması şübhə doğurardı - AXCP sədri kölgə yolu ilə bu xəttə “dəstək verənlərdən” olub. Artıq bütün oyunları ifşa edilən bu şəxslərin yeni “planı” isə “göz oxşayırdı - bu dəfə aldıqları sifarişin məğzi savadlı azərbacanlı gəncləri min bir yolla öz torlarına salmaq, onların təhsil almaları üçün maliyyə ayırmaq və beləliklə də, onları öz şəbəkələrinə çəkmək - bu plan, FETÖ şəbəkəsinin illərlə Türkiyədə oynadığı oyunun prototipi deyilmi?
Bəli, xarici ermənipərəst maraqların danışan dilinə çevrilən, öz məqsədini “demokratiya” pərdəsi altında gizləməyə çalışan bu kəsim fəaliyyətini yalnız Azərbaycan dövləti haqqında şər, böhtan xarakterli siyasi çıxışlar etməklə qurmayıb - həm də gələcəyimizi təhlükə qarşısında qomaq üçün min bir plan işqləyib hazırlayıb. Amma onların bu çabalamaları da çox çəkmədi, iç üzləri növbəti dəfə ifşa olundu. Dövlətini və xalqını satmaqdan başqa peşəsi olmayan bu dəstənin hansı “yuvadan” qidalandığı artıq Azərbaycan cəmiyyətinə bəllidir. Radikal müxalifətdə qərar tutaraq xəyanətlə məşğul olan bu insanlar üçün isə coğrafi mənada haranın adamı olmaq, hara xidmət etmək heç bir əhəmiyyət daşımır. Nəticə etibarı ilə onlar bir mərkəzə qulluq edir-antimilli, anti-azərbaycançı mərkəzə...