Parlament Urmu gölü ilə bağlı 2 layihəni rədd etdi

Urmu gölünün 70 faizinin quruması ilə meydana gələn ekoloji fəlakəti aradan qaldırmaq mümkün olmur. BMT gölün qurumasının qarşısının alınması üçün vəsait ayırmasına baxmayaraq, İran tərəfi layihələrin icrasına maraq göstərmir. Belə ki, İran parlamenti növbəti dəfə su hövzələri və göllər üçün nəzərdə tutulan iki təcili planı rədd edib. Layihənin lehinə 93 nəfər, əlehinə 76 nəfər səs versə də, bitərəf qalan 27 millət vəkilinin rəyi səsvermənin taleyini həll edib.

Layihə Urmudan seçilən millət vəkili Nadir Qazipurun təşəbbüsü ilə müzakirəyə çıxarılıb. Qazipur parlamendəki çıxışında "Biz göllərlə bağlı hansısa faciənin baş verməsinin gözləməliyik ki, nəsə tədbir görək?" deyib.

Məlumat üçün bildirək ki, bu, İran parlametində çıxarılan yeganə qərar deyil. Ötən il də Urmu gölünün qurumasının qarşısının alnmasına yönəlik layihə parlament tərəfindən rədd edilib. Parlamentin tutduğu mövqeyə etiraz olaraq Təbriz və Urmu şəhərlərində etiraz aksiyaları keçirilib.

Alpər Oğuz
AzNews.az