Tacikistan hökuməti kişilərin saqqalı ilə bağlı qərar verdi

Tacikistanın Üləmalar Şurası kişilərin saqqalının uzunluğu ilə bağlı qərar verib. "Islamnews"un məlumatına görə, yeni qaydaya əsasən kişilər öz yumruqları boyda saqqal saxlaya bilərlər. Bu qayda Tacikistanda rəsmi məzhəb olan hənəfi məzhəbinin nümayəndələrinə aiddir. Ölkə əhalisinin böyük əksəriyyəti isə bu məzhəbdən olduğundan saqqalla bağlı yeni qaydalara əməl etməlidirlər.

Qadınlar üçün də geyim forması müəyyənləşdirən Tacikistan üləmaları üz və əl istisna olmaqla bədəni örtən geyim müəyyənləşdiriblər.

Maraqlıdır ki, qaydaların hazırlanmasını Üləmalar Şurasına məhz Dini Məsələlər üzrə dövlət Komitəsi təklif edib. Hələlik bu qaydalara riayət etməyənlərə qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumat verilmir.

2009-cu ildə Tacikistanda qəbul edilən qaydalara görə, müəllimlərə ancaq 50 yaşdan sonra saqqal saxlamağa icazə verilirdi. Bu zaman isə saqqalın uzunluğu 3 sm-dən çox olmamalı idi.

Hətta ABŞ-ın Dövlət Katibliyinin dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatında da Tacikistan məhz "saqqal məsələsinə" görə tənqid edilmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az