- Köhnə - Region
- 30 Noyabr 2012 13:45
- 5 127
Ruslara xoş xəbər
Rusiya vətəndaşlığı almaq sadələşdiriləcək
Xarici ölkələrdə yaşayan ruslara Rusiyaya gediş vizasının, həmçinin yaşamaq haqqı və vətəndaşlığın verilməsi qaydaları sadələşdiriləcək. Həmçinin xarici ölkələrdə yaşayan ruslara bu ölkənin ali təhsil müəssisələrində ayrılan kvotalar artırıla bilər. Bu barədə müzakirələr Federasiya Şurasının nümayəndələri tərəfindən aparılıb.
Qeyd olunub ki, xarici ölkələrdə 30 milyon diaspor nümayəndəsi yaşayır. Bu isə ümumilikdə ölkə əhalisinin dörddə biri deməkdir. Rusların daha çox keçmiş SSRİ respublikalarında yaşadığı bildirilir.
MDB və həmvətənlərlə iş üzrə Federal Agentliyin rəhbəri Konstantin Kaçayevin sözlərinə görə, xaricdə yaşayan ruslara və onların övladlarına vətəndaşlıq verilməsi ilə bağlı yeniliklər təklif edilir: "Əgər "Vətəndaşlıq haqqında" qanunda dəyişikliklər qəbul edilərsə, soydaşlarımızın Rusiya pasportu alması asanlaşacaq. Dəyişikliklər artıq prezidentə təqdim edilib".
Qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq üçün bu ölkədə 5 il yaşamaq və rus dilini bilmək tələb edilməyəcək. Həmçinin onlar daimi gəlirlərinin mənbəyini göstərməli olmayacaqlar.
Ancaq keçmiş SSRİ-nin bütün vətəndaşları rusiyalı ola bilməyəcəklər. İlk növbədə etnik ruslar, başqırdlar, udmurtlar və Qafqazın azsaylı xalqlarının nümayəndələri bu imkandan yararlana biləcəklər.
Elnarə Əlosmanqızı
AzNews.az