Serj Sarkisyan: “Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik”

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, görüş V. Putinin Novo-Oqaryovadakı iqamətgahında baş tutub. Görüş zamanı S. Sarkisyan Rusiya prezidentini Ermənistana səfərə dəvət edib: "Rusiya bizim strateji tərəfdaşımızdır. Ona görə də, prezident seçkilərindən sonra ilk xarici səfərimi Moskvaya etdim".

S. Sarkisyan Rusiya prezidentinə hərbi sahədə əlaqələrin inkişafına görə təşəkkürünü bildirib: "Biz siyasət, iqtisadiyyat, hərbi və humanitar sahələrdə nəticələr əldə etmişik. Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik".

V. Putin isə S. Sarkisyanı ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik edib. O, Rusiyanın Ermənistanla xüsusi münasibətlərinin olduğunu söyləyib: "Bu münasibətlər uğurla inkişaf edir. Bunu qeyd etmək mənim üçün çox xoşdur ki, Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Rusiya Ermənistana qoyulan xarici investisiyaların miqdarına görə də birinci yeri tutur. İki ölkə arasında siyasi əlaqələr də inkişaf edir. Bu, insanlar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradır. Rusiyadakı erməni diasporu xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsində çox əhəmiyyətli rol oynayır".

AzNews.az