“Bu silahlarla bütün yer kürəsini 10 dəfə yox etmək mümkündür“

"Hazırda dünyada 20 min nüvə silahı mövcuddur"

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Belarus Dövlət İqtisad Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu silahların 10 mini ABŞ-a məxsusdur: "Bu silahlarla da bütün yer kürəsini 10 dəfə yox etmək mümkündür. İranın bütün nüvə fəaliyyətləri isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olub və indiyədək işlərimizdə yayınmaların baş verməsi ilə bağlı hansısa sübut tapılmayıb".

R.Mehmanpərəst deyib ki, Qərbin İrana qarşı sanksiyalar tətbiq etməsi nəinki ölkənin inkişafına xələl gətirə bilməyib, hətta İran xalqının müxtəlif sahələrdə, o sıradan kosmik sənaye, tibb elmləri və nanotexnologiya üzrə nailiyyətlər əldə etməsinə səbəb olub: "Hazırda nanotexnologiya sahəsində İran qabaqcıl ölkələrdən biridir. ABŞ kimi ölkələr isə demokratiya, insan haqları, terrorizm, kütləvi qırğın silahları və nüvə proqramı adı altında İran kimi ölkələri öz nəzarəti altına almaq istəyir".

Qeyd edək ki, R.Mehmanpərəstin rəhbərliyi altında iranlı jurnalistlər Belarusda səfərdədir.

AzNews.az