Aİ Ukraynaya hərbi ehtiyaclar üçün 2,86 milyard avro ayırıb

Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədilə nəzərdə tutulan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində Kiyevə 2,86 milyard avro köçürüb. Vəsait Ukrayna ordusunun ən təcili ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis məlumat verib.

“Ukraynanın özünümüdafiəsi üçün vəsaitə indi ehtiyacı var. Bu gün Avropa Komissiyası Ukraynaya dəstək məqsədilə nəzərdə tutulan 90 milyard avroluq kreditimizin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırır”, – deyə o, “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.

Avrokomissarın sözlərinə görə, maliyyə vəsaiti Kiyevin pilotsuz uçuş aparatları, radarlar, döyüş sursatları və digər hərbi vasitələrlə təmin olunmasına imkan verəcək.

Oktyabrın 11-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna üçün pilotsuz uçuş aparatları və raketlərin alınmasına əlavə maliyyə ayrılacağını açıqlamışdı. O, Avropa İttifaqının vəsaiti artıq həmin həftə təqdim edəcəyini bildirsə də, tranşın məbləğini və maliyyələşmə mənbələrini dəqiqləşdirməmişdi.

Fon der Lyayen, həmçinin Kiyevin gələn il üçün maliyyə ehtiyaclarının və əlavə beynəlxalq yardımın cəlb edilməsi imkanlarının oktyabrın 15–16-da keçiriləcək Avropa İttifaqı sammitinin əsas müzakirə mövzularından biri olacağını bildirib.

Mövsüm,

AzNews.az