Ermənistanın əsas aviaşirkəti bankrot oldu

APA TV-nin məlumatına görə, "Armavia" aviaşirkəti 1 apreldən bütün istiqamətlərə uçuşları dayandırır və iflas proseduruna başlayır. Bu barədə "Armavia"nın mətbuat xidmətinin dünən yaydığı rəsmi açıqlamada bildirilir.

""Armavia" çoxdan böhranlı vəziyyətə düşüb. Hazırda şirkətin Ermənistan dövləti ilə müqaviləsini uzatmaq və əməkdaşlıq çevrəsini genişləndirmək üçün maddi vəsaiti yox dərəcəsindədir".

Bu fikirləri Ermənistan Baş Aviasiya İdarəsinin rəhbəri Artyom Movsisyan bəyan edib. O həmçinin bildirib ki, ölkənin əsas milli sərnişindaşıma şirkəti ilə dövlət müqaviləsinin vaxtı aprelin 22-də başa çatır.

"Qafqazski uzel" saytının məlumatında isə şirkətin sahibi Mixail Baqdasarovun çoxdandır ki, "Armavia" üçün potensial müştəri axtarışında olduğu vurğulanıb. Qeyd edək ki, "Zvartnots" hava limanı artıq bir neçə dəfə şirkətin təyyarələrinin xidmətindən imtina edib. Hava limanı ilə aviaşirkət arasında konflikt ötən ilin martından başlayıb. Səbəb kimi "Armavianın" 1 milyona yaxın borcunun uzun müddətdir ki, ödənilməməsi göstərilib. O zaman bu problem aradan qaldırılsa da, "Armavia" digər beynəlxalq hava limanları ilə arasında yaranmış çox böyük həcmli borcu ödəyə bilməyib. Nəticədə şirkətin rəhbərliyi "Armavianın" müflis olmasını rəsmən bəyan etmək məcburiyyətində qalıb.

AzNews.az