Azərbaycanlı jurnalistə 50 şallaq vurulacaq

Güney Azərbaycanın tanınmış milli fəalı, jurnalist fəaliyyəti ilə də tanınan, 2012-ci ilin dekabrından həbs cəzasına məhkum edilən Həsən Ərkə 50 şallaq zərbəsi vurulacaq. Həsən Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı həbs olunub. Buna səbəb onun Urmiya gölünün qurumasının qarşısının alınması yolları barədə müzakirələrə qatılması olub. H.Ərklə bərabər ETTELAAT məmurları tərəfindən 28 milli fəal da həbs edilib.

H.Ərk istintaq müddətində girov müqabilində müvəqqəti azadlığa buraxılsa da, daha sonra bir il həbs cəzasına məhkum edilib və hazırda həbsxanada cəza çəkir.

H.Ərkin şallaq cəzasına məhkum edilməsinə səbəb kimi isə onun ali dini lider Xamneyini təhqir etməsi göstərilir. 2012-ci ilin mart ayında Təbrizin Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilən H.Ərk digər cəzasını çəkməklə yanaşı, ona şallaq da vurulacaq.

Qeyd edək ki, H.Ərk nəşrinə qadağa qoyulmuş "Şəms-e Təbriz" qəzetinin redaksiya heyətinin üzvü olub.

Elnarə
AzNews.az