- Köhnə - Region
- 26 Aprel 2013 07:30
- 3 576
Azərbaycanlı partiya sədrinin İrana ilginc səfəri
“İran öz tarixi haqlarına göz yumaraq Azərbaycanın müstəqilliyini tanıdı”
İranın Qafqazın 17 şəhərinin bu ölkəyə birləşdirilməsi və Azərbaycanı iki yerə ayıran müqavilələrin ləğv edilməsi ilə bağlı iddialarından sonra gərginləşən münasibətlər fonunda Yaşıllar Partiyasını sədri Mais Güləliyev İrana səfər edib. İran mətbuatının məlumatına görə, partiya sədri Təbrizdə nəşr olunan "Məhdi Azadi" qəzetində olaraq baş redaktor Seyid Məsud Peymanla görüşüb: " Görüşdə Güləliyev son zamanlar İran-Azərbaycan münasibətlərində baş verən gərginliyə toxunaraq deyib: "Sovetlər birliyinin çökməsindən sonra İran Qafqaz ölkələri, əsasən də Azərbaycana qarşı üç müxtəlif mövqe tuta bilərdi. İranın birinci mövqeyi bu ola bilərdi ki, Gülüstan və Türkmənçay müqavilələrinin bir tərəfi artıq mövcud olmadığından müqavilələrdən öncəki vəziyyətə qayıtmaq istəyərdi. İkinci mövqedə bu mövzuları qeyri-dövlət müəssisələrinə və xalq qrup və təşkilatlarına tapşırıb, müqavilələrin ləğv edilməsini istəyərdi. Yaxud üçüncü mövqeyi seçərək öz tarixi haqlarına göz yumaraq Qafqazda müstəqillik tapmış ölkələri rəsmi surətdə tanıya bilərdi. İran dövləti düşüncəli addım ataraq üçüncü yolu seçdi və onların müstəqilliyini tanıyan ilk ölkələrdən oldu. Bundan əlavə Azərbaycan Respublikası üçün heç bir siyasi, hərbi, iqtisadi, sosial köməkləri əsirgəmədi".
M.Güləliyev İranın bu mövqeyinin Azərbaycanda hakimiyyətə gəlmiş bəzi millətçilərin qeyri-münasib cavabı ilə üzləşdiyini, onların kitab, media, rəsmi və qeyri-rəsmi təşkilatlardan istifadə etməklə bütün sahələrdə İran əleyhinə təbliğat aparmaqla təfriqə yaratmağa çalışdıqlarını və bu strategiyanın hələ də davam etdiyini qeyd edib:
"Azərbaycan Respublikasının tənəzzüldə olan irqçi baxışlarının əksinə olaraq İranın strateji siyasəti Azərbaycan Respublikasının müstəqilliyinə hörmətlə yanaşmaya və hər gün sürətlənən millətdən ümmətə keçidə əsaslanır və bu da həm İranın, həm də Azərbaycan Respublikasının müsəlmanlarının xeyrinə olacaq. Biz Nizami Gəncəvi kimi ortaq iftixarlarımızı lazımınca tanımalıyıq. Mətbuat həmkarlıqları, həmçinin elm, mədəniyyət və incəsənət elitasının qarşılıqlı səfərləri armalıdır".
Görüşdə "Məhdi Azadi" müəssisəsinin rəhbəri "Türkmənçay müqaviləsinin müddətinin bitməsinə diqqət çəkib: "İrandan ayrılmış 17 şəhər və digər ərazilərin qaytarılmasının həlli regionda siyasi bir problemə çevrilməmişdən qabaq tarixi mülahizələri, milli və hüquqi məsləhətləri, beynəlxalq münasibətləri nəzərə almaqla bu mövzuda mənafeyi olan dövlətlərin və siyasətçilərin gündəliyində olmalıdır.
Bu proqram çərçivəsində hər şeydən əvvəl geosiyasi həqiqətlər araşdırılmalı və açıqlanmalıdır. İkinci mərhələdə hər iki ölkənin milli məsləhətləri müəyyənləşməlidir ki, qərar verildikdə həqiqətlərə əsaslanmasına baxmayaraq region xalqlarının strateji məsləhətləri ilə uyğunsuzluq olmasın və xoşagəlməz nəticələrə səbəb olmasın. Üçüncü mərhələdə bu məsələnin ictimai və siyasi talelərinə bağlılığı olan xalq çoxluğunun istəkləri nəzərə alınmalıdır. Əlbəttə, bir-birinə uyğun olmayan bu üç mövzunun birləşdirilməsində son dərəcədə diqqətli və tədbirli olmaq lazımdır ki, işin nəticəsinin özü ayrı bir problemə çevrilməsin. Ölkəmizin əhalisinin təqribən hamısı bu əqidədirlər ki, İran Qafqazın 17 şəhərinə malik olub və hazırda etibarsız sayılan tarixi Gülüstan və Türkmənçay müqavilələri ilə ana vətəndən ayrılıb. Bu inkaredilməz haqq vaxt itirilmədən geri alınmalıdır".
Xəbərlərə görə Mayis Güləliyev "Məhdi Azadi" müəssisəsinin çapxanası və onun texniki imkanları, orada çalışan əməkdaşların sayı ilə tanış olaraq heyrətini gizlətməyib: "Hətta Bakının çapxanalarında Azərbaycan Respublikasının paytaxtı və önəmli dövlət və qeyri-dövlət nəşriyyatlarının orada yerləşməsinə baxmayaraq bu həcmdə texniki imkanlar və mütəxəssis insan qüvvəsi yoxdur. Heyf ki, Azərbaycan xalqının çoxu, hətta ziyalılar belə İran azərilərinin əldə etdikləri uğurlardan məlumatı yoxdur və onların məlumatı medianın anti-İran xəbərlərinə məhdudlaşır".
Elnur
AzNews.az