“Azərbaycan bizi hədələyir, vəziyyət gərgindir”

Edvard Nalbadyan ölkəsinin müharibədən qorxduğunu etiraf etdi



Ermənistan Xarici İşlər naziri Edvard Nalbadyan bu gün İTAR-TAAS-a verdiyi müsahibəsində Azərbaycan-Ermənistan konflikti məsələsinə geniş yer ayırıb.

AZNEWS.AZ xəbər verir ki, o deyib ki, tərəflər arasında sülh danışıqlarına nail olmaqda problemi həmişə Azərbaycan tərəfi yaradıb: "Azərbaycan tərəfi Minsk qrupunun təklif etdiyi variantlarla hər hansı səbəblərdən razılaşmaq istəmir. Uzun illərdir nazirlər və prezidentlər səviyyəsində görüşlər keçirilir, ancaq biz hələ də heç bir şeyə nail ola bilməmişik. Səbəb isə göstərilmir".

Onun sözlərinə görə, danışıqları uzadan tərəf Azərbaycandır: "İlk öncə mən Rusiya Federasiyasına öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki Rusiya Fransa və ABŞ, o cümlədən Minsk qrupu ilə birgə Dağlıq Qarabağ konfliktində sülh prosesinə nail olmaq istiqamətində geniş tədbirlər planı hazırlayır və müsbətə doğru dəyişiklik yolunda çalışırlar. Təsəvvür edin, hər dəfə hər hansı qərarın qəbul edəcəyinə ümidlə gəlirsən, ancaq Azərbaycan tərəfi məsələni uzadır. Bu təkcə bizə qarşı yox, Minsk qrupuna qarşı da hörmətsizlikdir. Və bu cür hallar bir neçə dəfə təkrar olunub. Azərbaycan aşkar şəkildə bizi hədələyir və müharibəyə hazır olduqlarını dəfələrlə vurğulayırlar. Buna görə də vəziyyət gərgindir. Belə görünür ki, onlar sülh prosesi ilə məsələni həll etmək istəmirlər. Yəqin asan əldə edilən pullar onların başını gicəlləndirib. Onlar başa düşmürlər ki, əgər müharibə olsa bu bütün regionda mənfi izlərini buraxacaq".

Nazir müsahibəsinin sonunda dəfələrlə Ermənistan tərəfinin müharibə tərəfdarı olmadıqlarını vurğulayıb. Onun sözlərinə görə, onlar mümkün qədər müharibə variantından uzaq duracaqlar.

Aynur Hüseynova
AzNews.az