İsrailin Suriyanı vurmasına 5 SƏBƏB

Türkiyənin "Zaman" qəzeti İsrailin Suriyaya keçən həftə iki dəfə endirdiyi hava zərbələrinin səbəbləri barədə yazıb. Qəzet ümumilikdə hücumların beş səbəbini irəli sürüb.


Hücumların "Hizbullah"a ötürülən raketlərin məhv edilməsi üçün həyata keçirildiyi iddia olunsa da, qəzet hesab edir ki, əsas məqam Suriyanın gələcəyi ilə bağlıdır. İddia edildiyi kimi, İsrailin varlığı üçün ən böyük təhlükə Misir deyil, Suriyadır. Çünki İsrail və Suriya texniki olaraq hələ müharibə vəziyyətindədir və Suriyaya aid Colan təpələri İsrailın işğalı altındadır. Bu vəziyyət isə İsraili Suriyanın gələcəyinin müəyyənləşməsində fəal bir oyunçu vəziyyətinə gətirir.

Birinci səbəb odur ki,İsrail son hücumlarla Əsəddən sonra hakimiyyətə gələcək güclərin əlində onun varlığını təhdid edəcək silahların qalmasını istəmədiyini açıq şəkildə ortaya qoyur. Suriyanın əlində İsrailin bir çox nöqtəsini rahat şəkildə vura biləcək Rusiya və İran istehsalı olan yüzlərlə raketin olduğu təxmin edilir. İsrail bu mərmilərin "Hizbullah"ın əlinə keçməsini istəmədiyini bildirsə də, əsas narahatlıq həmin raketlərin müxaliflərin əlinə keçməsi ilə bağlıdır.

İkinci səbəb odur ki, İsrail həm də hakimiyyətdən gedəcəyi əminliklə ifadə olunan Əsəd zərbə vuraraq müxalifətə dəstək görüntüsü yaratmağa çalışır. Bu da gələcəkdə iqtidarı ələ keçirəcək müxalifətlə dialoqu asanlaşdıracaq.

Hücumların üçüncü səbəbi isə Əsəd rejiminin ehtimal olunan zərbələrinə maneə olmaqdır. Təsadüfi deyil ki, İsrail mediası tez-tez Əsəd rejiminin əlindəki raketlərlə İsraili vura biləcəyi ilə bağlı ekspertlərin fikirlərini verir.

Dördüncü səbəb İrana mesaj verməkdir. Uzun müddətdir ki, İranın nüvə mərkəzlərini vurmaq üçün ABŞ ilə razılıq əldə edə bilməyən İsrail lazım gələrsə İrana təkbaşına hücum edə biləcəyini göstərdi.

Beşinci səbəb isə, Suriya rejimi ilə bir müharibəyə girərək bu ölkənin cənubunu işğal etmək və dərhal sonra bu bölgəyə beynəlxalq sülhməramlıların yerləşməsini təmin etməkdir. Ekspertlər bu vəziyyətdə İsrailin Suriyanın parçalanmasında fəal bir rol oynaya biləcəyini bildirir. İsrailin işğalı altındakı Colan təpələrində, Livanda və Suriyanın cənubunda çoxlu sayda dürzi əhalisi yaşayır və ölkənin parçalanacağı halda bu bölgədə bir druzi dövlətinin qurula biləcəyi iddia edilir. Druzi bir dövlət isə İsrail ilə Suriya arasında bufer zona funksiyasını yerinə yetirəcək.

AzNews.az