“Sonuncu dəfə xəbərdarlıq edirəm”- Ərdoğan

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün AKP üzvü olan bələdiyyə sədrlərinin toplantısında çıxış edib, Gezi parkı olayları barədə danışıb.




Rəcəb Tayyib Ərdoğan deyib ki, Gezi parkınlakı 700 ağacdan 70 ağac kəsilmir, köçürülür və nəfəs alacaq yerləri olmadığını söyləyənlər səmimi deyil.

Ərdoğan sabah hakim partiyanın rayon təşkilatlarının sədrlərinin toplantısında, şənbə günü Ankaranın Sincan rayonunda və bazar günü isə İstanbulda keçirəcəkləri mitinqlərdə xalqa Türkiyədə hansı oyunlar oynanmaq istədiyini açıqlayacağını bildirib: Bu mitinqlər bir kütlənin qarşısına başqa bir kütlə çıxarmaq məqsədi daşımır. Bu mitinqlər səssiz kütlənin səsini həm Türkiyəyə, həm də dünyaya çatdırmaq məqsədi daşıyır. Sanki bütün Türkiyə yanır, dağılır. Bəlli, lokal yerlərdə belə aksiyalar keçirildi. Aksiya keçirilən yerlərdən yeraltı keçidlərə düşərək şüşələri sındırıblar. Kim etdi bunları? Ətraf mühiti qoruyanlarmı? Avtobusları kimlər yandırdı? Mülki şəxslərin 200-ə qədər avtomobilini kimlər yandırdı? Bunları dürüst olaraq anlatmaq vəzifəmiz deyilmi?".
Baş nazir Gezi parkı ilə bağlı məsələnin isə referenduma çıxarılmasını məqsədəuyğun sayıb: "Topçu Qışlası layihəsi ilə bağlı bu qədər həssassınız, müqavimət göstərirsinizmi? O zaman referendumun fərqli bir formasını seçək. Türkiyə Konstitusiyasına görə, referendum Konstitusiya dəyişikliyi ilə bağlı keçirilə bilər. Ancaq bələdiyyə plebisit təşkil edə bilər. Bu plebisit ya Bəyoğlu rayonunda, ya da bütün İstanbulda keçirilə bilər. Bu, Mərkəzi Seçki Komissiyasının səlahiyyətində deyil, bələdiyyələrin belə plebisit keçirmək hüququ var. Dünən Gezi parkı ilə bağlı mənimlə görüşə gələn insanların bir qismi bu təklifə sevindi, bir qismi isə müsbət yanaşmadı. Ya buna "Bəli!" deyəcəksən, ya da Gezi parkında həyata keçirmək istədiyimiz layihə ilə razılaşacaqsan. Əslində mən bununla bağlı ictimai rəyi geniş şəkildə 2011-ci ildə araşdırdım".

Ərdoğan İstanbulda üçüncü hava limanının tikintisi zamanı hazırda fəaliyyət göstərən Atatürk hava limanının kiçik bir qisminin hava limanı kimi saxlanacağını, qalan qismində isə meşə salacaqlarını söyləyib: "Bu bir park, meşə olacaq. Yenə də buna rəğmən "istəmirik", "istəmirik" deyirlər. Yaxşı, o halda plebisit keçirək, hansı nəticə ortaya çıxarsa, razılaşaq. Sabah bələdiyyə sədrlərinin toplantısında İstanbul bələdiyyə sədrinə lazımi təlimat verəcəyik. Təbii ki, Gezi parkında aparılacaq işlərlə bağlı bir məhkəmə prosesi də davam edir və bu məhkəmə prosesinin də nəticəsini gözləyəcəyik. O da maraqlıdır ki, həmin ərazidə nə tikiləcəyi bəlli olmadığı halda aksiyaların başlandığı axşam məhkəmə qarşı tərəfi dinləmədən belə ərazidə tikintinin dayandırılması barədə qərar verib. Bunun özü də qəribə və düşündürücüdür".

Baş nazir səbrinin sonuna çatdığını daı söyləyib: "Artıq səbrin sonuna gəldik. Mən sonuncu dəfə xəbərdarlıq edirəm. Ata və anaları övladlarına sahib çıxmağa çağırıram. Biz bir tərəfdən məhkəmə prosesini gözləyirik, digər tərəfdən də plebisit məsələsi ilə bağlı addımımızı atarıq. İstanbul xalqı nə istəyirsə, onu edərik. Əks təqdirdə daha çox gözləmərik. Gezi parkı işğalçı qüvvələrin deyil, bütün millətindir". (lent.az)

AzNews.az