Azərbaycanlı fəallar aclıq aksiyasını dayandırmağa davam edirlər

İranda həbsdə olan tanınmış azərbaycanlı fəallar aclıq aksiyasını dayandırıblar.

APA-nın AZOH-a istinadən məlumatına görə, Əziz Purvəli avqustun 3-də, Abdullah (Güntay) Səduqi isə avqustun 6-da iyulun 13-dən aclıq aksiyası keçirən Yeni GAMOH təşkilatının üzvlərinə dəstək məqsədilə belə bir addım atmışdılar. Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanılan azərbaycanlı fəallar Yeni GAMOH təşkilatının üzvləri avqustun 9-da aclığı dayandırdıqdan sonra başlatdıqları aksiyalara son veriblər. Onların sağlıq durumunun yaxşı olmadığı bildirilir.

A.Səduqinin böyrəklərindən əziyyət çəkdiyi vurğulanır. Həbsxana rəhbərliyi Ə.Purvəlini bu addımına görə cəzalandırıb və onu narkomanların, cinayətkarların saxlanıldığı kameraya köçürüb. Ona ailəsi ilə telefon əlaqəsi saxlamağa və görüşməyə icazə verilməyib.

Azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilərək 1 il qəti, 1 il isə şərti həbs cəzasına məhkum edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Səduqini isə bu il mayın 13-də evindən aparıblar. Azərbaycanlı fəal da bu addımına görə cəzalandırılıb və başqa bölümə köçürülüb. Hər iki azərbaycanlı fəal avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən həbs ediliblər.

Qeyd edək ki, ETTELAAT əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib.

Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı fəallar 27 gündən sonra aclıq aksiyasına son veriblər.

AzNews.az