İranda 5 nəfər edam edildi - FOTO

İranda 5 nəfər edam edilib. APA-nın məlumatına görə, bu edamlardan 3-ü əhalinin gözü qarşısında olmaqla İranın Kohgiluyə və Boyer-Əhməd vilayətində icra edilib.

Təcavüzdə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş Hüseyn Xodadadi, Sadiq Sal Əfzun, Mehdi Abbasizadə və Bəhram Hüseyniyan adlı məhbuslardan üçü dara çəkiliblər. Digər məhbusun isə edam cəzası hələlik icra edilməyib və hazırda Yəsuc həbsxanasında saxlanılır. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 12-də səhər saatlarında Dehdəşt şəhərinin mərkəzi meydanında icra edilib.

İranın Əlborz vilayətində də bir nəfər gizli şəkildə edam edilib. Rza Səlimani adlı məhbus da təcavüzdə günahlandırılaraq dara çəkilib. Bu edamla bağlı heç bir rəsmi məlumat verilməyib. Ölüm hökmü sentyabrın 9-da səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

İranın Fars vilayətində də bir nəfər edam edilib. Ad və soyadının baş hərfləri açıqlanan məhbus qətldə günahlandırılaraq dara çəkilib. Müttəhim şəxsi ailə münaqişəsi zəminində öz qayınatasını və qayınanasını öldürdüyünə görə Fars vilayətinin Cəza Məhkəməsinin ikinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsinin 6-cı şöbəsi tərəfindən də təsdiqləndikdən sonra Darab rayonunda əhalinin gözü qarşısında icra edilib.

Qeyd edək ki, son günlər İranın Qərbi Azərbaycan vilayətində 6, Gilan vilayətində 3, Simnan vilayətində 2, Kirmanşah vilayətində 2, Xuzistan vilayətində 1, Kohgiluyə və Boyer-Əhməd vilayətlərində də 1 nəfər edam edilib.

AzNews.az