Rusiya polisi Moskvadakı qətldə azərbaycanlıdan şübhələnir

Rusiya polisi Moskvada Yeqor Şerbakovun qətlində azərbaycanlının əlinin olduğunu ehtimal edir.

Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, qətldə əli olduğu ehtimal edilən şəxs əslən Azərbaycandan olan, 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalovdur.
"Lifenews" telekanalına müsahibə verən Aleksey Pronin adlı Moskva sakini qeyd edib ki, paytaxtdakı mənzilini Bakıdan gəlmiş Orxan Zeynalova kirayə verib. O. Zeynalov Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasında - öz qohumlarının yanında işləyib.

"Biryulevodakı iğtişaşlardan sonra internetdə ehtimal olunan qatilin aşağı keyfiyyətli fotosunu tapmışam və bu şəkildəki simanı Orxana oxşatdım. Hətta zarafatlaşaraq, tutulması üçün 1 milyon ödəniləcəyini bildirdim. Bundan dərhal sonra Orxan əşyalarını yığaraq evdən çıxdı və mal üçün getməli olduğunu bildirdi. Sonradan isə mən internetdə daha keyfiyyətli fotoşəkil tapanda həmin şəxsin Orxan Zeynalov olduğunu gördüm", - deyə A. Pronin bildirib.

A. Proninin dediklərinə görə, O. Zeynalov yaşadığı mənzildən çıxaraq giriş qapısını bayır tərəfdən bağlayaraq naməlum istiqamətdə gedib.

Xatırladaq Ki, Y. Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub.(apa)

AzNews.az