Marneuli və Dmanisidə də Qurban bayramı qeyd edildi

Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi rayonlarında müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneulideki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov Qurban bayramı və Azərbaycan prezidenti İlham Əliyevin prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibətilə soydaşlarımızı ürəkdən təbrik edib, onlara sülh, sevinc və əmin-amanlıq arzulayıb.

Marneuli rayon mərkəzində, həmçinin rayonun Kürtlər, Baydar, Muğanlı və Lejbədin kəndlərində 500-dən artıq imkansız ailələrə Qurban payları verilib. AMM əməkdaşlarının təşkilatçılığı ilə Ermənistanla sərhəddə yerləşən Xocornu və Sopi kəndlərində yaşayan 100-ə yaxın ailəyə də Qurban payları paylanıb.

AMM-nin rəhbəri Fazil Həsənov APA-ya açıqlamasında bu gün yalnız Marneuli şəhərində və digər kəndlərdə deyil, eyni zamanda sərhədyanı kəndlərdə yaşayan yoxsul ailələrə də Qurban payı verdiklərini bildirib: "Biz əsasən yoxsul ailələrə Qurban payları verdik. Əməkdaşlarımız bu gün həm sərhədyanı kəndlərdə, həm də Marneuli rayonunun digər kəndlərində olub, ümumilikdə 600-dən artıq ailəyə Qurban payı verilib. Biz belə tədbirləri hər il həyata keçiririk. Lakin bu il soydaşlarımız üçün ikiqat bayramdır - həm müqəddəs Qurban bayramını, həm də Borçalıda bu gün firavan, əmin-amanlıq şəraitində yaşamadıqları üçün Heydər Əliyev şəxsiyyətinə borclu olan borçalılar onun siyasi kursunun davamçısı İlham Əliyevin vətəndaşların böyük etimadını qazanaraq yenidən Azərbaycan prezidenti seçilməsini yüksək sevinclə qeyd edirlər".

Fazil Həsənov deyib ki, bayram tədbirləri eyni zamanda Gürcüstanın digər bölgələri ilə yanaşı Dmanisi rayon mərkəzində və rayonun digər kəndlərində də davam edib: "Dmanisi rayonunun mərkəzində müasir üslubda inşa edilmiş "Heydər Əliyev Mərkəzi"nin qarşısında təntənəli bayram ovqatı yaşanıb. Rayonun ziyalıları, ağsaqqalları Qurban bayramı münasibətilə xalqımıza əmin-amanlıq arzulayıb, gürcü və azərbaycan xalqlarının dostluğunun qarantı kimi hər iki ölkənin dövlət başçılarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda İlham Əliyevə seçkilərdə qazandığı parlaq qələbə münasibəti ilə gələcək işlərində uğurlar diləyiblər. Rayon mərkəzi ilə yanaşı, rayonun digər kəndlərində yaşayan 250-dən artıq imkansız ailələrə Qurban payları verilib".

AzNews.az