Yeni hökumətdə yeganə dəyişkənlik

Gürcüstan Konstitusiyasında edilmiş dəyişikliyə müvafiq olaraq ölkənin yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçirilmiş inauqurasiyasından sonra hökumət tam tərkibdə istefaya gedib.

2012-ci ilin oktyabrında keçirilmiş parlament seçkilərində ən yüksək nəticə qazanmış hakim "Gürcü arzusu" koalisiyasının üzvləri siyasətdən mülki cəmiyyətə keçdiyini bəyan etmiş Baş nazir Bidzina İvanişvilinin əvəzinə bu vəzifəyə daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb. İ.Qaribaşvilinin hökumətin yeni tərkibini və yeni komandanın "Güclü, demokratik, bütöv Gürcüstan uğrunda" proqramını parlament üzvlərinin müzakirəsinə təqdim edib
.
İrakli Qaribaşvili hökumətin gələcək fəaliyyət proqramı barədə ətraflı məlumat verib, ölkənin siyasi kursunun dəyişməyəcəyini vurğulayıb və deputatların çoxsaylı suallarını cavablandırıb.

Təxminən səkkiz saatadək davam edən müzakirələrdən sonra deputatlar parlamentin növbədənkənar sessiyasında 93 səs lehinə, 19 səs əleyhinə olmaqla hökumətin yeni tərkibini təsdiq ediblər.

Yeni hökumətdə Gürcüstanın daxili işlər naziri vəzifəsinə Tbilisi şəhər baş polis idarəsinin rəisi polis polkovniki Aleksandr Çikaidze təyin edilib. Hökumətin 19 üzvü arasında yeganə dəyişiklik də yalnız budur. Digər nazirlər öz vəzifələrində qalıblar.

AzNews.az