Rusiya Krımı tam nəzarətə götürür – Referendum olacaq

Krım Muxtar Respublikasının Ali Radasının Rəyasət Heyəti yerli vətəndaşlara müraciət edib.

AzNews.az-ın "Krım" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, müraciətdə Krım Ali Radası Rəyasət Heyətinin referendumun keçirilməsi haqda qərar verdiyi bildirilib.

Müraciətdə qeyd olunub ki, radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb: "Ukrayna xaos, hərc-mərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə, məsuliyyəti öz üzərinə götürür.

Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyətin gələcəyinin müəyyən edilməsinə kömək edəcək".

Rəyasət Heyəti muxtar respublikanın Ali Radasının deputatlarına da müraciət edərək, siyasi baxışları və şəxsi ambisiyaları kənara qoymaqla Krımın bu problemdən çıxarılmasında cəhd göstərmələri də xahiş olunub:

"İnkişaf birliyimizdədir. Yalnız bu cür qələbə qazana bilərik".

Xatırladaq ki, bu gün səhər saatlarında 30-35 nəfərdən ibarət rusiyameyilli qrup Krım Muxtar Respublikasının parlament və Nazirlər Kabinetinin binalarını zəbt ediblər. Tettorçular daha sonra Ukraynanın bayrağını çıxardıb atıblar. Onun yerinə isə Rusiyanın dövlət bayrağı asılıb. Terrorçular növbədənkənar sessiyasının çağırılmasını tələb edib. Artıq terrorçular 15 deputatın və Muxtar Respublikanın Ali Radasının sədri Vladimir Konstantinovun parlamentin binasına daxil olmasına imkan yaradıblar.

Məhəmməd
AzNews.az