Qamsaxurdiyanın oğlu həbsxanada aclığa başlayıb

Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu həbsxanada aclıq aksiyasına başlayıb. Eks prezidentin oğlunun tələbi saxlanma şəraitinin yaxşılaşdırılmasıdır. Vəkil Keti Bekaurinin verdiyi məlumata görə, Qamsaxurdiyanını səhhəti ağırdır: "Onu təcili olaraq klinikaya yerləşdirmək lazımdır".

Rustavidəki 17 saylı həbsxanada saxlanılan oğul Qamsaxurdiyanın müalicəsi üçün heç bir şəraitin olmadığını deyən vəkil "o təkcə özünün yox, bütün məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir" deyə vurğulayıb.

Məlumat üçün bildirək ki, oğul Qamsaxurdiya 2010-cu ilin aprelində qanunsuz silah saxlama, qəsdən adamöldürməyə təşəbbüs ittihamı ilə 9,5 il azadlıqdan məhrum edilib. Qamsaxurdiya özünü günahkar hesab etməyərək siyasi şəkişmələrin qurbanı olduğunu iddia edib.

Tbilisi Appelyasiya Məhkəməsi 2011-ci il iyulunda şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bununla yanaşı rüşvətxorluqda ittiham edilən oğul Qamsaxurdiyanın cəzası 13 ilə qaldırılıb.

E.Əlosmanqızı
AzNews.az