- Köhnə - Region
- 12 Dekabr 2014 19:47
- 4 794
Ukrayna “Sükut günü” elan etsə də, separatçılar atəşkəsi pozdular - FOTOLAR
Sergey Lavrov Ukrayna ilə barışın mümkünlüyündən danışıb; Rusiya Ukrayna separatçılarına 141 yük maşını silah-sursat göndərib; Yanukoviçin Rusiyada gizlənən oğlunun oteli satılıb
"Atəşkəs elan ediləndən sonra ilk dəfədir ki, Ukraynada sülhü bərpa etmək üçün real şans yaranıb".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, çətinliklə də olsa, son günlər atəşkəs rejiminə tam əməl edilməsi mümkün olub: "Donbasın bərpa edilməsi, eləcə də siyasi dialoq qurulması üçün konstruktiv baza var. Proses Ukraynadakı bütün regionların və bütün siyasi güclərin iştirakı ilə konstitusiya islahatlarına gətirə bilər".
Rusiya ilə Ukrayna arasında atəşkəs rejimi haqqında anlaşma ilk dəfə 2014-cü ilin sentyabrında ATƏT-in Minskdə keçirilən toplantısında əldə edilib. Ancaq üçtərəfli atəşkəs sazişindən sonra da tərəflər arasında aktiv silahlı münaqişə davam edib, tərəflər çox sayda itki veriblər.
Dekabrın 9-da Ukrayna Rusiya ilə cəbhə xəttində "sükut günü" elan edilib. Ukrayna qaynaqları xəbər verir ki, silahların susması ilə bağlı qarşılıqlı anlaşma əldə olunsa da, terrorçular Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Ukrayna Silahlı Qüvvələrinin dekabrın 12-də cəbhədəki durumla bağlı yaydığı açıqlamada bildirilir ki, gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna Ordusunun mövqelərini 6 dəfə atəşə tutub. Atışmalarda 2 mülkü şəxs yaralanıb. Atəşkəs rejimi Donetsk Hava Limanı rayonunda iki dəfə pozulub.
Yada salaq ki, aylardır Rusiya Silahlı Qüvvələri hava limanını ələ keçirmək istəsələr də, hərbi əməliyyatların heç biri uğurlu olmayıb. Qısa müddətli nəzarət təmin edilsə də, Ukrayna Silahlı Qüvvələri hava limanını geri ala bilib.
Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında o da bildirilir ki, ötən gecə Rusiya Silahlı Qüvvələri ağır texnikadan, artelleriya sistemlərindən istifadə etməyib: "Son günlər separatçı dəstələrlə Rusiya Silahlı Qüvvələrinin bölmələri arasında vahid komandanlıqla bağlı anlaşma əldə olunub. Əldə edilən kəşfiyyat məlumatlarına görə, Kreml Ukraynanın şərqindəki bütün qanunsuz silahlı dəstələri ən qısa zamanda vahid idarəetmədə birləşdirmək haqqında göstəriş verib. Bəzi bölgələrdə Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti özlərini Rusiyadan olan könüllülər kimi qələmə verir".
Dekabrın 12-də Ukrayna sərhədləri Rusiyadan gələn 141 yük maşınından ibarət "humanitar karvan"la növbəti dəfə pozulub. Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən xəbərlərə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin ərazidəki briqadaları yüklərin təhvil-təslim prosesində iştirak etmək istəsələr də, Rusiya tərəfi buna mane olub. Beynəlxalq missiyaya yalnız maşın karvanını vizual izləmək imkanı yaradılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi də faktla bağlı açıqlama yayıb. Nazirliyin rəsmi açıqlamasında sərhədi 130 yük maşınının keçdiyi bildirilir. Humanitar karvan böhran bölgəsinə 1,2 ton ərzaq – şəkər, konservlər, eləcə də tikinti materialları aparıb. Rusiya FHN-indən ona da bildirilib ki, yeni ilə qədər Ukraynaya daha bir humanitar karvan göndəriləcək. Ukrayna qaynaqları isə iddia edir ki, Rusiya humanitar yardım adı ilə separatçılara silah-sursat göndərir. Geri qayıdarkən "humanitar yardım" maşınları hərbi əməliyyatlarda öldürülən əsgərlərin cəsədlərini aparır.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin Kiyevdəki "Bratislava" oteli noyabrın sonunda satılıb. Bu haqda informasiya Ukrayna Qiymətli Kağızlar və Fond Bazarı Milli Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilib.
Noyabra qədər otelin səhmlərinin 51 faizi "Kelis Konsaltinq" şirkətinə, 41,4 faizi "BAM Stroy" şirkətinə aid olub. Rəsmi xəbərlərdə bildirilir ki, "Bratislava"nı 4 şirkət satın alıb. Onlardan ikisi Londonda, biri Şotlandiyada, biri isə Kiprdə qeydiyyatdan keçib. Həmin şirkətlərin Yanukoviç ailəsinə məxsus olduğu bildirilir.
Ukraynanın eks-prezidentinin böyük oğlu olan Aleksandr ölkədə otel biznesini atasının hakimiyyəti illərində genişləndirib. Oğul Yanukoviçin otellər holdinqinə hotellərdən de-lüks otellərə qədər 15 müəssisə daxildir. 15 oteldən ən ünlüləri Donetskdəki "Şaxtyor", "Yeva", Kiyevdəki "Bratislava" otelləri olub. Dnepr çayının sol sahillində yerləşən 337 otaqlı "Bratislava"nın 2013-cü ildəki gəlirləri 21 milyon qrivna olub.
Haqqında axtarış elan olunan "Bratislava"nın keçmiş sahibi Aleksandr Yanukoviçin indi Rusiyada gizləndiyi ehtimal olunur. Oğul Yanukoviç axtarışa verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. O, haqqında axtarış qərarının dəyişdirilməsini tələb edir.
Musavat