Türkiyə “Türk axını“ ilə bağlı danışıqları bərpa etmək istəyir

Türkiyə "Türk axını" qaz kəməri ilə bağlı danışıqları bərpa etmək istəyir.


AzNews.az-ın Ans press-ə istinadən məlumatına görə, bu haqda Türkiyənin enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyun CNN-Türk telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiyanın "Qazprom" şirkətinə göndərdiyi məktubunda layihə üzrə texniki danışıqları davam etdirməyə dəvət edib.

Eyni zamanda rəsmi Ankara müraciətində rus qazına əlavə olaraq daha 10,25 faiz endirim istəyib. Baxmayaraq ki, danışıqlar gedən zaman Rusiya öz qazına görə endirim təklif etmişdi.

Türkiyə şərtlərin münasib olmadığını desə də, Rusiya tərəfi Türkiyənin tərəddüdünü siyasi səbəblərlə əlaqələndirir.

Bildirilir ki, Türkiyə bu layihədə maraqlı olsa da, yekun qərar qəbul edə bilmir. Çünki əgər Rusiya ilə razılığa gələrsə, bu dəfə də Avropa İttifaqına qoşulma planları baş tutmayacaq.

Ümumiyyətlə, "Türk axını" layihəsi Türkiyə qədər, Rusiya üçün də əhəmiyyətlidir və hazırda Rusiya üçün bunun alternativi yoxdur. Türkiyə də bundan istifadə edərək özü üçün ən münasib şərtləri və qiymətləri əldə etməyə çalışır.

Digər tərəfdən, hətta bu alınmasa belə Türkiyə Rusiyaya və onun siyasətinə qarşı olan tərəflərdən faydalanmağa çalışır.

Rusiyalı politoloq, beynəlxalq münasibətlər fakültəsinin dosenti Aleksandr Sotniçenko ABŞ və Qərbin, onların tərəfdaşlarının da Türkiyəyə təsir və təzyiq göstərdiklərini bildirib.

"Ankaraya ABŞ və Avropa İttifaqı, onların Bəşər Əsədə qarşı mübarizədə tərəfdaşları olan Qətər və Səudiyyə Ərəbistanı da təzyiq göstərirlər", - deyə o bildirib.