ABŞ-dan Türkiyəyə dəstək – Rusiyaya görə 6 qırıcı göndərildi

Amerika Birləşmiş Ştatları Rusiya-Türkiyə münasibətlərində Türkiyəyə dəstək verib. Qardaş ölkənin öz sərhədlərini qoruması üçün Türkiyəyə qırıcı təyyarələr göndərib.

AzNews.az Pentaqonun rəsmi saytına istinadən xəbər verir ki, artıq 6 "F15С Eagle" qırıcı təyyarəsi Türkiyədəki İncirlik bazasına gəlib. Sözügedən qırıcılar Türkiyənin öz hava məkanını qorumasında istifadə olunacaq.

Bundan əlavə, ABŞ Türkiyəyə "F15E Strike Eagle" qırıcı-bombardmançı təyyarələri göndərəcək. Bu təyyarələrdən isə İŞİD-ə qarşı vuruşmaqda istifadə olunacaq.

Amerika Müdafiə İdarəsinin mətbuat katibi Peter Kuk bildirib ki, Rəsmi Ankara ABŞ-a müvafiq xahişlə müraciət edib. Kuk onu da əlavə edib ki, Türkiyəyə verilən dəstək NATO müttəfiqinin təhlükəsizliyini təmin etmək və İŞİD-lə mübarizəyə dəstək vermək istəyindən irəli gəlir.

Aydan AXUNDOVA
AzNews.az