- Qayıdış
- 28 İyul 2023 22:19
- 6 128
“Rəsmi İrəvan Ermənistan vandallığının, vəhşiliyinin dünyaya göstərilməsindən narahatdır" - politoloq
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, Erməni silahlıları yerli və xarici təyyarələrə dəfələrlə radiomaneə tətbiq edib, sülhməramlılar tədbir görməyib
“Bu ilk belə hadisə deyil. Brüssel görüşü öncəsi də bənzər hadisələrin şahidi olmuşduq. Ermənilər son zamanlar xüsusilə yerli və xarici ölkələrin radar sistemlərini pozucu fəaliyyətlə məşğuldurlar. Əlbəttə ki, bu öncəliklə beynəlxalq hüququn prinsiplərinə və qanunlara ziddir”.
Mövzu ilə bağlı saytımıza danışan politoloq Turan Rzayev bildirib ki, mülki təyyarələr yaxud da gəmilərin eyni zamanda digər nəqliyyat vasitələrinə qarşı bu vəya başqa formada hərbi vasitələrdən istifadə edilməsi, onların hərəkətinə yaxud da daşınan şəxslərə qarşı həyati risk yarada biləcək fəaliyyətlər ümumi mənada beynəlxalq ictimaiyyət tərəfindən pislənir və Bmt-nin müvafiq qanunları və qəbul edilən konvensiyalara görə də bu zidd bir davranışdır. “Buna görə rəsmi Bakı ilk növbədə BMT-yə və digər müvafiq təşkilatlara və qurumlara Ermənistanı şikayət etməlidir. Bu təkcə Azərbaycana yönəlik bir addım deyil, Azərbaycanın təhlükəsizliyinə və təhlükəsiz hava məkanına qarşı atılan bir addımdır. Yəni rəsmi İrəvan bununla bir növ Azərbaycana səyahət etmək istəyən şəxslərin yaxud Azərbaycana gələn şəxslərin qarşısını almaq istəyir. Məlum olduğu kimi artıq neçənci dəfədir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq tədbirlər keçirilir, bununla paralel olaraq Azərbaycanın yerli və xarici media nümayəndələrini, siyasi şəxsləri, diplomatları tez-tez işğaldan azad edilən ərazilərə aparır. Burda görülən işlərlə tanış edir və dünya ictimaiyyətinə erməni vandallığını çatdırmağa çalışır. Bütün bunlar Ermənistan tərəfini qıcıqlandırır”.
Politoloqun sözlərinə görə bunlar əslində Ermənistanın 30 ilə yaxındır dünya ictimaiyyətində yaratdığı məsum obrazının dağılmasına hesablanan addımlardır. “Rəsmi İrəvan Ermənistan vandallığının, vəhşiliyinin dünyaya göstərilməsindən narahatdır. Təbii ki, radioqruplar vasitəsilə təyyarələrə ziyan vurulması və onların uçuşuna təhlükə yaradılması məsələsi ilə paralel olaraq həm də xarici mediada və digər ölkələrdə bunun təbliğatı da gedir. Yəni Azərbaycanın təhlükəli ölkə olduğu, bura səyahət edən insanların təhlükəsizliyinə qarantin olmadığı kimi təəssüratlar yaradılmağa çalışılır.
T. Rzayev sonda qeyd edib ki, bu məsələ düşünüldüyü qədər sadə deyil və əslində daha dərin məzmun kəsb edir. “Bu baxımdan rəsmi Bakı bunun qarşısını almaq üçün müvafiq texnologiyaları əldə etməlidir. Hətta bu istiqamətdə xüsusilə biz İsraillə əməkdaşlıq edə bilərik. Çünki İsraildə bənzər qurğuların deaktiv edilməsi istiqamətində çalışmalar var və müvafiq texnologiyaya da sahibdirlər. Bu baxımdan hesab edirəm ki, həm əyani həm də hüquqi müstəvidə tədbirlər planı görülə bilər və bu ən qısa zamanda baş tutmalıdır”.
Rəşid Qarayev