- Qayıdış
- 4 Oktyabr 20:23
- 9 745
"Ermənilərlə dinc yaşamaq mümkün deyil" - Cəbrayıla qayıdan veteran döyüşçü
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət iki köç karvanı yola salınıb. Nəticədə Cəbrayıl şəhərində 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.
Modern.az Cəbrayıla köçən Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı Vaqif Əlisoyla 4 oktyabr - Cəbrayıl Şəhəri Günündə həmsöhbət olub.
Müsahibimiz bildirib ki, 1988-ci ildə Azərbaycanın azadlığı uğrunda mübarizəyə qoşulub:
“Oktyabrın 1-də mənim 70 yaşım tamam oldu, bu 70 ilin 46 ili mübarizəyə sərf olunub. Mən bu yaşda doğma yurduma qayıtdım. Bundan gözəl hiss ola bilməz. Şəhidlərimizin ruhu şad olsun, yaralı qazilərimizə Allah şəfa versin. Cəbrayıl şəhərində insanların yaşaması üçün hər bir şərait qurulub, evlər çox gözəl tikilib. Bu qədər böyük layihəni həyata keçirmək hər dövlətin gücündə deyil.
Yollar çəkilir, infrastruktur qurulur, binalar tikilir. Bunu alqışlamamaq mümkün deyil. Mən qurulan bütün hər şeydən razıyam.
2020-ci ildə Vətən müharibəsi zamanı azad olunan ilk şəhər 4 oktyabrda mənim doğma yurdum olub. Bu gün Cəbrayıl Şəhəri Günüdür. Mən bütün xalqımızı, Azərbaycan ictimaiyyətini təbrik edirəm. Bu hissləri bizə yaşadan Ordumuza minnətdaram.
Bu gün qazilərimizə, şəhidlərimizin ailələrinə nə qədər diqqət ayrılsa da azdır. Bu müqəddəs işi onlar başa çatdırdı, yerə düşən papağımızı onlar başımıza qaldırdı. Onlar bütün dünyaya sübut etdi ki, kimsə torpağımıza əl uzadarsa əlini, dil uzadarsa dilini kəsərik. 70 yaşımın olmasına baxmayaraq mən də lazım gəlsə, torpaq uğrunda ölməyə də, öldürməyə də hazıram".
V.Əlisoy qeyd edib ki, bugünkü Cəbrayıl illər əvvəl gördüyü kimi deyil:
“Mənim uşaqlıq, gənclik illərimdə gördüyüm Cəbrayıl bu deyil. Bura tamamilə yenidən qurulur. İnanıram ki, bizim övladlarımız burada xoşbəxt yaşayacaqlar. Qayıdış hissini sözlərlə ifadə etmək çətindir. Burada uşaqlar, gənclər var, onlar artıq xoşbəxt insanlardır. Bu illər ərzində bizim nə qədər insanımız Cəbrayıl həsrəti ilə dünyasını dəyişib. Bu gün onların övladları, nəvələri doğma yurda qayıdırlar. Mən 20 Yanvar hadisələri zamanı həbs olunmuşam, ölüm, ağrı görmüşəm. Amma Cəbrayıla ayaq basanda bütün yaşadıqlarım silinib getdi. Bu torpağın hər qarışı əzizdir, bu torpaqlar şəhid qanı ilə sulanıb. Onları hər gün, hər saat xatırlamaq lazımdır. Onların valideynləri qarşısında baş əyirəm”.
Müsahibimiz vurğulayıb ki, Cəbrayılda hər şey gözəl olmalıdır:
“Burada yəqin ki, iş yerləri də açılacaq. Gənclərimiz, işçi qüvvəsi olan insanlarımız burada da işlərinə davam edə biləcəklər. Mən buranı gəzdim, binalar bütün lazımi avadanlıqlarla təchiz olunub. Həmin binaları ərsəyə gətirən işçilərə də təşəkkür etmək lazımdır. İnsanlar Cəbrayıldan gözyaşı ilə çıxmışdısa, qayıdanda hamının üzü gülür. Hər kəs doğma yurduna qayıtması münasibətilə bir-birini təbrik edir.
Mənim üçün müqəddəs hesab etdiyim torpağa ayaq basa bilmək böyük xoşbəxtlikdir. Mən mübarizəm Qarabağ uğrunda olub. Artıq düşmənin layiqli cavabı verilib. Nəhayət ermənilər də ağıllarını başlarına yığsalar, yaxşı olar. Mən o vaxtdan ermənilərə deyirdim ki, vaxt gələcək Azərbaycan xalqı qarşısında diz çökəcəksiniz. İllər sonra xalqımız öz yurduna ayaq basaraq bunu gerçəkləşdirdi. Düzdür, əvvəlki Cəbrayıl geri qayıtmayacaq, amma Cəbrayıl yaşayacaq.
Mən təklif etdim ki, ermənilər tərəfindən dağıdılmış bəzi binalar onların vəhşiliyini əks etdirmək, gənclərimizə, eləcə də xarici qonaqlara göstərmək üçün muzey kimi saxlansın. Azərbaycanda müxtəlif etnik qruplar yaşayır. Qarabağ uğrunda da hər bir etnik qrupdan şəhidlərimiz oldu.
Ermənilər çox gözəl anlayırdılar ki, etdiklərindən sonra Qarabağda yaşamaları üçün heç bir şansları olmayacaq. Ona görə də rədd olub getdilər. Mən həmişə deyirəm, yenə təkrar edirəm, ermənilər Qarabağa qayıtsalar, 30-40 ildən sonra yenidən baş qaldıracaqlar. Bu, onların xislətində var. Ermənilərlə dinc yaşamaq mümkün deyil"