“Həmişə ortaq həll tapa bilmişik” - Şoyqudan Türkiyə ilə bağlı mühüm AÇIQLAMA

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskva ilə Ankara arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini və tərəflərin həmişə qarşılıqlı məqbul həllər tapa bildiyini bildirib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Şoyqu bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidanla Moskvada keçirdiyi görüş zamanı səsləndirib.

Rusiya rəsmisi iki ölkənin Suriyada beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığını nümunə göstərərək bildirib ki, ən mürəkkəb dövrlərdə belə Moskva və Ankara ortaq mövqe və həll yolları formalaşdırmağı bacarıb.

Şoyqu çıxışında Ukrayna məsələsinə də toxunub. O, Türkiyə gəmilərinin Ukrayna limanlarından geri qayıtması, ərzaq tədarükünün təşkili və yük daşımalarının həyata keçirilməsi istiqamətində əməkdaşlığı xatırladıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlar nəticəsində hazırlanmış saziş layihəsinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin mərhələdə tərəflər müəyyən məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə etmişdilər.

Şoyqu Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı danışarkən isə Rusiya və Türkiyənin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiyini bildirib. O, eyni zamanda BMT-nin bu saziş çərçivəsində üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmədiyini iddia edib.