Canəli Əkbərov İlhamə Quliyeva qalmaqalına - Münasibət bildirdi

Müğənni İlhamə Quliyevanın hazırda həbsxanada saxlanılan keçmiş köməkçisi Mehriban Hüseynova İ.Quliyeva tərəfindən şantaj edilməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirən Aygün Kazımova və Elza Seyidcahan da İlhamə Quliyevanın şantajları ilə üzləşdiklərini bildirdilər.


AzNews.az xəbər verir ki, şou-biznesdə İlhamə Quliyevanın ətrafında yaşanan qalmaqala münasibət bildirən xalq artisti Canəli Əkbərov musavat.com saytına açıqlamasında müğənnilərin çoxunu özündən razı adlandırıb: "İndi sənətçilərin çoxu özündən razıdır. Çünki onlara vaxtından öncə qayğı göstərilib. O qayğıdan da istifadə etməyi bacarmırlar. Çoxları cavandır, düzələr. İlhamə Quliyeva ilə bağlı qalmaqaldan xəbərim yoxdur. O cür məsələlərə maraqlı deyiləm, ağıllı, öz yerini bilən insanlarla, sənətkarlarla işləmişəm. Ona görə də, indikilər məni qane etmədiyi üçün onlarla maraqlanmıram".

Mədəniyyət Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, nazir şou-biznes nümayəndələri barədə fikrini ötən il bildirib: "Mədəniyyət naziri Əbülfəs Qarayev bir dəfə sənət adamları, onların özlərini aparması barədə fikrini deyib. Ötən ilin oktyabr ayında bu haqda danışıb. O ən yüksək səviyyədə öz fikrini bildirib. O çıxışa nəzər sala bilərsiniz".

Qeyd edək ki, Ə.Qarayev sənət adamları barədə aşağıdakı fikirləri səsləndirmişdi: "Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burada gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil. O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burada inzibati tədbirdən söhbət gedə bilməz".