Flora Kərimova: “İlhamənin üzünə millət durdu, bundan utansın”

Xalq artsiti İlhamə Quliyeva uzun illərdir ki, münasibətlərinin pis olduğu həmkarı Flora Kərimovanın sənətini yüksək qiymətləndirib. O, APA-ya müsahibəsində həmkarının sənətinə hörmət bəslədiyini bildirib: “Neçə illərdir mənim Flora Kərimova ilə münasibətim yoxdur. Baxmayaraq ki, sənətinə hörmətim var, bu, ömrümün axırına qədər də belə olacaq”.


Xalq artisti Flora Kərimova İ.Quliyevanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Xalq artisti AzNews.az-a açıqlamasında bildirib ki, İ.Quliyeva onun sənətinə qiymət verə bilməz: "O, kimdir ki, mənim sənətimə qiymət versin? İlhamə sənətdə heç kimdir ki, mənim haqqımda rəy versin. Sənətkara ancaq sənətkar qiymət verə bilər. O, heç vaxt sənətkar olmayıb, həyasızlığı, üzlüyü ilə özünə yer edib. Açsın interneti baxsın, özü haqqında deyilənlərlə tanış olsun. Onun üzünə artıq millət durdu, bundan utansın. Amma onda utanan üz yoxdur".

F.Kərimovanın sözlərinə görə, İ.Quliyeva heç vaxt onun səviyyəsində sənətkar olmayıb: "Hələ o, mənim səviyyəmə çatmayıb və çatmayacaq da… Onun öz yolu olmayıb. Ya Şövkət Ələkbərovaya üz tutub, ya da özünü mənə oxşatmaq istəyib. Şövkət xanımın ölümü, mənim isə çox illər bəlli səbəblərə görə sənətdən uzaqlaşmağımdan istifadə edib, vətənpərvər addımlarımı yoza-yoza, şəxsiyyətimi söyə-söyə, hətta mənim səsimə yazılan bəzi mahnılarımın sahibi oldu. Ancaq sənətə sahib ola bilmədi".

F.Kərimovanın fikrincə, İ.Quliyevaya sənətkar demək çox sənətkarları təhqir etmək deməkdir.

Lalə
AzNews.az