Xalq artistlərinin növbəti məhkəmə prosesi başlayır - Dəqiq vaxt

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişməsinin növbəti "raundunun" vaxtı bəlli olub. Birincinin şikayəti əsasında keçiriləcək məhkəmə prosesi noyabrın 4-ə təyin edilib.

Bu barədə məlumatı AzNews.az-a N.Dostəliyevanın vəkili Yunis Vəliyev verib. Onu da bildirək sonuncu məhkəmə prosesinə Nazpəri xanımın gələcəyi üçün vəsatət qaldırılsa da, müğənninin səhhətində yaranmış problemlə bağlı o, Bakı Apelyasiya Məhkəməsinə gəlməyib.

Qeyd edək ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min manat cərimə ilə razılaşmır.

Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb qoyub.

Y.Vəliyev onu da bildirdi ki, N.Dostəliyevanın İlhamə Quliyevaya açdığı məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb: "Yasamal Rayon Məhkəməsində bu prosesə baxış keçirildi. Amma təəssüflər olsun ki, İlhamə xanım tərəfindən heç kim məhkəməyə gəlmədi. Hətta onun vəkili Şəfiqə xanım da prosesdə iştirak etmədi. Bu üzdən məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salındı".

Xatırladaq ki, N.Dostəliyeva İ.Quliyevanı ATV-nin efirində işlətdiyi "mən yemirəm, yedizdirirəm" ifadəsinə görə məhkəməyə verib və ondan 100 min tələb edir.

Bahar Rüstəmli
AzNews.az