Elxan Şahinoğlu Elxan Şahinoğlu

Obama: Köhnə-yeni prezident!

Elxan Şahinoğlu



"ABŞ vətəndaşları niyə Barak Obamaya səs verdilər" sualı üzərində düşünməyə dəyər. Görünür, amerikalılar Barak Obamaya 4 il öncə vəd etdiyi islahatları başa çatdırmağa şans veriblər. Obama bəzi çalışmaların başlanğıcını qoyub və onları başa çatdırmaq əzmindədir. Onun artıq keçmiş rəqibi Mitt Romni isə Ağ Evə yiyələnəcəyi halda sıfırdan başlayacaqdı. Amerikalıların böyük əksəriyyəti isə daxili və xarici siyasətdə qeyri-müəyyənliyə deyil, qənaətbəxş olmasa da onlara məlum olana siyasətə və bu siyasətin daşıyıcısına səs verdilər.

Respublikaçı Mitt Romni seçki təbliğatının ilk aylarında rəqibindən xeyli geri qalmasına rəğmən, son mərhələdə Barak Obama ilə başabaş mübarizə apardı. Ancaq seçki günü fərq yenə özünü göstərdi. Fikrimcə, Rominin məğlubiyyətinin başqa səbəbləri də var.
Amerika mühacirlər ölkəsidir. Mitti Romni isə bir respublikaçı kimi varlıların müdafiəçisi kimi görünürdü. O, varlı təbəqəyə vergi tətbiq etməyəcəyini vəd edir, Obamanın başladığı səhiyyə islahatlarını dayandıracağını bildirirdi. Bu isə mühacirlərin xoşuna gəlmirdi. Mühacirlər isə ABŞ-da az deyil, qaradərililər, ispan dillilər və orta sinif Barak Obamanı özlərindən birisi kimi dəyərləndirir. ABŞ-da varlı təbəqə nə qədər böyük gücə sahib olsa da, seçkidə bu təbəqə orta sinfə və kasıb təbəqəyə məğlub oldu.

Bu seçki o birilərindən iki amillə fərqlənirdi.
Birinci amil: Bu seçki kampaniyası ümumilikdə hər iki namizədə 1 milyard dollara başa gəldi. Bu ABŞ seçki tarixində rekord göstəricidir.

İkinci amil: Bu seçkidə prezidentliyə namizədlər xarici siyasətə az diqqət yetirdilər.
Sonuncu amil ondan irəli gəlir ki, ABŞ-da iqtisadi vəziyyət qənaətbəxş deyil və amerikalıları xaricdəki vəziyyət deyil, daxildəki iqtisadi problemlər, sosial məsələlər maraqlandırır. Çünki, bu birbaşa onların həyatına toxunur. Suriya, İran və ya Rusiya ilə münasibətlər nə qədər maraqlı görünsə də, amerikalıları gündəlik qayğıları daha çox maraqlandırır. Buna görə də həm Obama, həm də Romni seçkidə daha çox iqtisadiyyatdan, səhiyyə sistemindəki islahatlardan və sosial problemlərin həllindən danışdılar.
Bizim üçün günün ən aktual suallarından biri də budur: Barak Obamanın xarici siyasətində və Cənubi Qafqaza yönəlik siyasətində ondan yeni nəsə gözləməyə dəyərmi?

Məncə, köhnə-yeni prezidentdən xarici siyasətdə fövqəladə nəsə gözləmək yersizdir. Liviya probleminin həllində Barak Obama kölgədə qaldı, irəliyə Fransa ilə Böyük Britaniya buraxdı. Liviya daktatorunun yıxılmasında məhz Paris və London önəmli rol oynadılar. Yəni Obama dövründə ABŞ heç də bütün dünyəvi məsələlərinin həllində ön planda olmadı. Bu da təbiidir, əvvəlki illərdən fərqli olaraq ABŞ-ın dünyəvi problemlərin həlli üçün iqtisadi və diplomatik resursları artıq kifayət etmir.
Obama Rusiya ilə yumşaq siyasətinə də davam edəcək və çox təəssüf ki, bu siyasət Cənubi Qafqaza yaxşı heç nə vəd etmir.

Çünki, Obama prezident olduğu 4 ildə Kremlin Cənubi Qafqazdakı fəallığına bir növ seyrçi qaldı, həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi. Kreml də fürsətdən istifadə edərək Qarabağ problemini həlli prosesini inhisarına aldı. Ancaq nə problem həll oldu, nə də Cənubi Qafqazda sakitlik yarandı. Düşünmürəm ki, Obamanın növbəti 4 ildə Cənubi Qafqaza marağı artsın.