Musa Qasımlı Rusiya səfirinin separatçılarla görüşündən danışdı

"Əgər hər hansı səfir özbaşına bölgələrimizə səfər edirsə, bu beynəlxalq hüquq normalarının və Azərbaycan qanunlarının pozulması deməkdir. Hesab edirəm ki, səfirlər gələcəkdə bu cür addımlardan çəkinməlidir".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Azərbaycanın şimal bölgəsinə səfəri zamanı "Sadval" separatçı təşkilatının təmsilçiləri ilə görüşünə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, hər hansı ölkədə fəaliyyət göstərən diplomat Vyana Konvensiyasının tələblərinə riayət etməlidir: "Səfir fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışa bilməz. Çünki, səfir ölkəsinin fəaliyyət göstərdiyi dövlətdə elçisidir. Səfir müəyyən çərçivədə addımlar atmalıdır. Səfirlər Azərbaycanın istənilən bölgəsinə gedə bilər. Amma əvvəlcədən bu barədə Xarici İşlər Nazirliyinə məlumat verməlidir ki, onun təhlükəsizliyi təmin olunsun".

Vasif Həsənli
AzNews.az