Aprel döyüşlərinin üçüncü ayının tamamında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərəçarpacaq dərəcədə fəallıq müşahidə olunur. Prezidentlərin Vyana və Sankt-Peterburq danışıqlarından sonra Fransa və ABŞ-ın ev sahibliyi ilə daha iki görüşün planlaşdırıldığı barədə xəbərlər var. Aprel döyüşlərinin üçüncü ayının tamamında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərəçarpacaq dərəcədə fəallıq müşahidə olunur. Prezidentlərin Vyana və Sankt-Peterburq danışıqlarından sonra Fransa və ABŞ-ın ev sahibliyi ilə daha iki görüşün planlaşdırıldığı barədə xəbərlər var.

“Azərbaycan hücuma keçəcək” – Düşmənin müharibə həyəcanı

Aprel döyüşlərinin üçüncü ayının tamamında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərəçarpacaq dərəcədə fəallıq müşahidə olunur. Prezidentlərin Vyana və Sankt-Peterburq danışıqlarından sonra Fransa və ABŞ-ın ev sahibliyi ilə daha iki görüşün planlaşdırıldığı barədə xəbərlər var.


Düzdür, hələlik avqust və sentyabrda keçiriləcəyi deyilən görüşlə əlaqədar detallı məlumatlar yoxdur, ancaq bəzi mənbələr növbəti görüşlərdə Sankt-Peterburqda masada olan konkret sənədin ətrafında müzakirələrin aparılacağını iddia edirlər.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Valter Ştaynmayerin səfərindən sonra Rusiyanın baş diplomatı İrəvana gedib. İyunun 4-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyanla görüşüb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirlərinin iclası zamanı baş tutub (ANS).

Aprel döyüşlərindən sonra Ermənistana ikinci dəfə gedən Lavrovun səfərində Qarabağ məsələsinin müzakirə olunacağı da gözlənilirdi. Hətta bəzi müşahidəçilər Ermənistandakı narahatlığın arxasında Kremlin işğalçı ölkəyə ciddi təzyiqlərinin dayandığını əsas gətirirlər. Hesab olunur ki, münaqişənin mərhələli həll yolu ilə çözülməsinə qərar verən Moskva İrəvanın qarşısına konkret proqram qoyub və ərazilərin bir hissəsinin işğaldan azad olunmasına təkid edir.



Sankt-Peterburq görüşündə ilkin olaraq 5 rayonun azad olunması məsələsinin müzakirə predmeti olduğu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun fikirləri Rusiya tərəfindən təkzib edilsə də, ermənilər özləri də narahatlıqla danışıqların artıq yeni mərhələyə adladığını etiraf edirlər. Hər halda, İrəvandan sonra Bakıya gələcək Lavrovun "çantasında" Qarabağa dair nələrin olduğu çox maraqlıdır.

Ermənilər isə çox narahatdır. Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Respublika Partiyasının deputatı Artaşes Qeqamyan avqustda Parisdə Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünün təşkil oluna biləcəyini bəyan edib. A. Qeqamyan deyib ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyinə ümid edirlər. A. Qeqamyan az əvvəl Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunduğunu xatırladıb: "Mən əminəm ki, Paris görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə qarşılıqlı razılığa gəlməsi üçün ABŞ-da da bir görüş keçiriləcək. Bu, o deməkdir ki, artıq münaqişənin tənzimlənməsi prosesinin məntiqi yekuna çatdırılması, ümumi yekun razılaşmanın işlənilməsi və imzalanması üçün daxili hazırlıq var".



Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfərinin sırf Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu düşünmür: "Birincisi, Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısına qatılmaq üçün İrəvana gedib. Yəni böyük ehtimalla bu toplantının keçirilmə tarixi təşkilatın katibliyi tərəfindən aylar öncə müəyyənləşdirilib. İkincisi, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən az vaxt keçib və Kreml bu qısa zaman kəsiyində münaqişənin həllini sürətləndirəcək plan hazırlaya bilməzdi. Söhbət indiyə qədər mövcud olan planların korrektə edilməsindən gedir".

Lavrovun İrəvandakı toplantıdan sonra Bakıya gəlməsini "Yeni Müsavat"a şərh edən ekspertin dediyinə görə, bu, ondan xəbər verir ki, Kreml münaqişənin həllində mümkün qədər tərəfsiz görünmək istəyir: "Böyük ehtimalla, Lavrov İrəvan və Bakıda ümumi fikir mübadiləsini davam etdirəcək. Moskvanın əsas məqsədi təmasları çoxaltmaqla iyul və avqust aylarında cəbhə bölgəsində toqquşma ehtimalını ortadan qaldırmaqdır. Prezidentlərin gələcək görüşlərinin Fransa və ABŞ-da keçirilməsi məlumatlarının yayılması isə ondan xəbər verir ki, bu iki həmsədr ölkə təşəbbüskarlıqda Rusiyadan geri qalmaq istəmirlər. Ancaq təəssüf ki, ABŞ və Fransanın münaqişənin həllində Rusiya qədər təsir imkanları yoxdur və bunun günahı onların özlərindədir. Çünki Qərb bu illərdə Rusiyaya Cənubi Qafqazda fəal olmağa imkan yaratdı. Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı ölkə - ATƏT-in hazırkı sədri Almaniyanın kansleri Angela Merkel deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya böyük imkanlara malikdir, belə olan halda Qərb dövlətlərinin vasitəçilik təşəbbüslərinin sadəcə imitasiya xarakterindən başqa bir şey olmadığı aydınlaşar".



Valter Ştaynmayer

E.Şahinoğlu qeyd etdi ki, elə Almaniya xarici işlər naziri Valter Ştaynmayerin bugünlərdə Ermənistana və Azərbaycana səfəri də imitasiya xarakteri daşıyıb: "Bu, növbətçi səfər idi, orada mahiyyət yox idi. Ştaynmayer İrəvanda və Bakıda hər şeydən danışdı, bircə münaqişənin həllini necə gördüklərinə toxunmadı. Deməli, ATƏT sədrinin də münaqişənin həllinə baxışı formalaşmayıb. Almaniyanın başı Avropa İttifaqının dərinləşən problemlərinə qarışıb, Dağlıq Qarabağla məşğul olmağa vaxtları yoxdur. Bütün vasitəçilərin yeganə dərdi atəşkəsi uzunömürlü etməkdir. Münaqişə köklü həll edilmədən isə bu cür yanaşma bizim maraqlara cavab vermir".

Politoloq bildirdi ki, "Mərhələli həll" planı Azərbaycanın ən böyük arzusudur, bizim üçün ən ideal variantdır: "Ancaq danışıqların məhz bu istiqamətdə getdiyini söyləməkdə çətinlik çəkirəm, çünki hələlik bunun işartısını görmürəm. Ermənilər isə aprel döyüşlərindən bu yana narahatdırlar. Bilirlər ki, bütün hallarda zaman onların əleyhinə işləyir".

* * *
Danışıqlar, sülh prosesi hərbi gərginliyi səngitsə də, tam aradan qaldırmayıb. İşğalçı ölkədə müharibə ehtimalından dolayı təşviş müşahidə olunur.

"Şəxsən mən hesab edirəm ki, böyük ehtimalla Azərbaycan yenə hücum edəcək, ola bilsin daha kiçik miqyasda və daha az intensivliklə, ancaq istənilən halda problemin hərbi yolla həllini tapmağa çalışacaq". Virtualaz.org xəbər verir ki, belə rəylə İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan 1in.am saytına Dağlıq Qarabağ münaqişəsi ətrafında son hadisələri və danışıqları şərh edərkən deyib.



"Ehtimal ki, Azərbaycanın hücumu yaxın aylarda olacaq, bunu çəkindirmə mexanizmlərinin qıtlığı nümayiş etdirir, yəni Azərbaycanı hücumdan çəkindirən heç nə yoxdur. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq, Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var" - erməni ekspert deyib.

Kirakosyanın fikrincə, Azərbaycan yenidən hücuma keçib bir-iki rayonu qaytarmaq istəyəcək. Çünki aprel döyüşlərində Azərbaycanın əsl məqsədi strateji planda "zəbt olunmuş ərazilərin geri alınmasından daha çox Dağlıq Qarabağın özünə yönəlmişdi". "Ola bilsin Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana təzyiq göstərsin ki, 1-2 rayonu Azərbaycana qaytarmaq lazımdır" -Kirakosyan əlavə edib.

"Ermənistanın Rusiya ilə hava hücumundan vahid müdafiə sisteminin yaradılmasına dair sazişi ratifikasiya etməsi Qarabağda yeni müharibənin başlanması riskini artırıb". Bunu isə Ermənistandakı "Modus Vivendi" mərkəzinin direktoru, qərbmeyilli ekspert Ara Papyan deyib.

"Bu saziş Ermənistanı zəiflədir. Azərbaycanın böyük aviasiyası var, ancaq apreldəki 4 günlük müharibə zamanı istifadə etmədi. Çünki bizim güclü havadan müdafiə sistemimiz var. Qarşıya vəzifə qoyulub ki, bizim bir daha HHM sistemimiz olmasın, artıq Qarabağın da özünün HHM sistemi yoxdur. Azərbaycan gələn dəfə müharibədə aviasiyadan istifadə edəcək və bu da bizim itkilərimizin sayını artıracaq" - Papyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Hesab olunur ki, bununla Rusiya Ermənistandakı anti-Rusiya ovqatını səngitmək, ermənilərin "xilaskarı" olduğunu nümayiş etdirmək istəyir. Ancaq danışıqlar dönəmində vasitəçi dövlətin işğalçı ölkənin hava məkanında hərbi təlimlər keçirməsi istənilən halda Azərbaycanı razı sala bilməz.



Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ermənilərin narahatlığını təbii sayır: "Bu gedişlə və belə münasibətlə mən Qarabağ münaqişəsinin yaxın perspektivdə həll olunacağına inanmıram. Çünki aprelin əvvəllərində cəbhədə baş verən məlum silahlı toqquşmalardan sonra gözləmək olardı ki, beynəlxalq qurumlar, xüsusən də Rusiya tərəfi işğalçıya, nəhayət, başa salmağa çalışacaq ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Amma indi Rusiya ortalığa hansısa bir sənədi atıb və onun ətrafında guya müzakirələr aparılır. Mən düşünürəm ki, bu sənədin də reallaşması, əvvəla, mümkün olmayacaq və reallaşacağı ərəfədə yenə ortalığın qarışdırılacağının şahidi olacağıq. İndi prosesə Fransa tərəfi qoşulub və guya Parisdə keçiriləcək görüşdə də hansısa ciddi məsələlər müzakirəyə çıxarılacaq. Bu, sadəcə, vaxt itkisi demək olacaq və nəticəsi əvvəldən bəlli olan bir növbəti növbətçi görüşlərdən biri kimi tarixə düşəcək".

Ü.Cəfərov qeyd etdi ki, Ermənistan əsla işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir: "İşğalçı, sadəcə, vaxt əldə etməklə öz bəzi məqsədlərinə çatmaq üçün zaman gözləyir. Mən əsla döyüş əməliyyatlarının təkrarlanmayacağı qənaətində deyiləm. Vəziyyət istənilən an nəzarətdən çıxa bilər və qanlı toqquşmaların baş verməsi mümkündür. Aprel toqquşmalarından sonra bizim yeganə gördüyümüz mənzərə ondan ibarətdir ki, ATƏT və onun sədrinin şəxsi nümayəndəsi öz ştatının-müşahidəçilərin sayının artırılması haqqında düşünürlər. Təəssüf ki, biz hələ də beynəlxalq güclərin milyonlarla maliyyə vəsaitinin göyə sovrulduğunun şahidi oluruq. Prinsip etibarilə mən də elə düşünürəm ki, bəlli bir məqamda toqquşmaların yenidən başlanması mümkündür".



Azərbaycan rəsmiləri də savaş təhlükəsinin aradan qalxmadığı qənaətindədir. "Dünya gördü ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil". Azərbaycanın dövlət rəsmisi Novruz Məmmədov bu fikirləri ANS-ə müsahibəsində deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında son dövrlərdə qeydə alınan canlanmanın bir neçə səbəbi var: "Çoxları belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Lakin son hadisələr zamanı ermənilərin törətdikləri təxribatlarla bağlı dünya gördü ki, bu münaqişə heç də dondurulmuş deyil və birdən-birə alışıb yana bilər".

***
Xatırladaq ki, hələ 2012-ci ildə Avropa Parlament Ermənistanla münasibətlərinə dair qətnaməsində işğalçı ölkənin qarşısında konkret tələblər qoymuşdu. Sənəddə bildirilirdi ki, Ermənistan çağırışçıların Qarabağa hərbi xidmətə göndərilməsini dayandırmalıdır. Ancaq İrəvan illərdir ki, beynəlxalq qanunlara məhəl qoymur, Sərkisyan aprel döyüşlərində əldən verdiyi Lələtəpə yüksəkliyinə baxmaq üçün təmas xəttinə qədər gəlir, Qarabağda süni məskunlaşma davam edir. Ermənistan, sadəcə, danışıqlarla Azərbaycanın başını qatmağa, mövqelərini gücləndirməyə, imkan düşəndə qəfil zərbələr endirməyə çalışır. Deməli, savaş qaçılmaz olacaq...

Musavat.com