“Avtomatlar bizə yönəlmişdi, Heydər Əliyev dedi ki, mən qorxmuram” - Video

"Çox cəsarətli insan idi"


ARB TV-nin "Gəlin Danışaq" verilişinin ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunan buraxılışına qonaq olan Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Verilişdə ulu öndərlə bağlı xatırladığı maraqlı anlardan və Heydər Əliyevin gördüyü işlərdən bəhs edən Fəttah Heydərov, Naxçıvanda yaşadığı maraqlı əhvalatı danışıb:

"Ordumuz 1 aprel hadisələrində cəsur addım atdı. Hörmətli dövlət başçımız İlham Əliyevin cəsarətlə ordunun önündə duraraq döyüş zonasına getməsi, cəsarətlə öz sözünü deməsi bütün xalqımızı ayağa qaldırdı. Qaçqınlarımızın, köçkünlərimizin ürəyində olan bu arzuların həyata keçməsi üçün böyük bir məşəl yandırdı. Mən bunu görəndə Ulu Öndəri yenidən xatırladım. Bildim ki, bu gün prezidentimizdə olan cəsarət haradan gəlir. 1992-ci ildə Ulu Öndər və bir dəstə ilə Sədərək əhalisi ilə görüşməyə getmişdik. Orada maraqlı bir hadisə baş vermişdi. Ermənilər davamlı olaraq kəndi atəş altında saxlayırdılar. Sədərək kəndində əhaliylə görüşdük, Ulu Öndər sözlərini dedi, hamının əlini sıxdı, onlarla birlikdə çay içdi. Şəhərə qayıtmaq lazım idi. Heydər Əliyev birdən dedi ki, bu təmas nöqtəsi haradadırsa, mən oranı görmək istəyirəm. Maşına oturub dedi ki, kim mənimlə getmək istəyirsə, gedək. Bir neçə yoldaşla oturub getdik. Qorxanlar da oldu, getməyənlər də. Orada hərbiçilərlə görüşərək vəziyyəti öyrəndi. Təmas nöqtəsinin yaxınlığında böyük qəbirsanlıq var idi. Mən gördüm ki, qəbir daşlarının arxasında ermənilərin avtomat lülələri bizə tuşlanıb. Dedim ki, cənab Heydər Əliyev, baxın, avtomatlar bizə tərəf yönəlib. Baxıb dedi ki, nə olsun, vurarlar, vurarlar, mən qorxmuram. Cənab İlham Əliyevin indi təmas nöqtəsinə getməsini görəndə Ulu Öndəri xatırladım. Çox cəsarətli bir insan idi. Bu cəsarət gətirib o yerə çıxardı ki, Azərbaycan onun 10 illik hakimiyyəti dövründə demək olar ki, bütün məsələləri həll etdi".

AzNews.az