“İcra başçıları rayonlara dədəsinin mülkü kimi baxır”

Fəzail Ağamalı: “İnsanların əsəbləri ilə oynamaq olmaz”





"Bu çox narahatlıq və təəssüf doğuran ikinci xoşagəlməz hadisədir". Bunu AzNews.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. O qeyd edib ki, üç mindən çox insanın tez bir zamanda bir araya gələrək, belə bir formada etirazlarını ifadə etmələri və onun iğtişaşa çevrilməsi adi bir hal deyil.

Onun sözlərinə görə, yaranmış vəziyyətin gərginlik həddinin "Motel"in və maşınların yandırılmasınadək çatması ciddi hadisələrdən xəbər verir: "Düşünürəm ki, bu zaman-zaman insanların içərisində toplanan və kiçik bir qığılcımla ortaya çıxan etirazların ifadəsidir. İnsanları bu vəziyyətə gətirib çıxarmaq olmaz, insanların əsəbləri, çörəyi ilə oynamaq olmaz. Bir çox icra başçıları təəssüf edirəm ki, icra başçısı kimi getdikləri rayonları dədəsindən, nəslindən, kökündən qalan mülkiyyət kimi baxırlar. Ona görə də həmin rayonlarda insanlara normal münasibət formalaşmır. Bu da zaman-zaman yığışıb-yığışıb adi bir hadisədən partlayır və xöşagəlməz hala çevrilir".

AVP sədri hesab edir ki, xalqın ayağa qalxmasına şərait yaradan hadisə ümumi narazılığın ifadəsi kimi qiymətləndirilməlidir: "İcra başçıları, ümumiyyətlə bütövlükdə məmurlar Qubada baş vermiş hadisələrdən ibrət dərsi götürməli idilər və götürməlidirlər də. Dünən Quba, bu gün İsmayıllı, bəs sonra hara? Beləliklə proses gedir də. Bundan da Azərbaycanda hansı vəziyyət əmələ gəlir? Bundan Azərbaycanı sevməyən qüvvələr üçün münbit şərait yaranır və onlar da öz istədiklərinə nail olurlar. Biz bunlara əsas verməli deyilik"

Gültəkin
AzNews.az