Gülər Əhmədova polisə şikayət etdi

Gülər Əhmədova qalmaqalının iştirakçısı, ötən il dekabrın 26-da Türkiyədə vəfat etmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yanvarın 23-ü axşam saatlarında Nəsimi Rayon Polis İdrəsinin 19-cu bölməsində ifadə verib.


Bu barədə "Yeni Müsavat"a açıqlama verən A.Məmmədov deyib ki, onunla öncə bölmənin rəisi, daha sonra bölmənin əməkdaşı, iş üzrə müstəntiq Samir Məhərrəmov söhbət edib.

Müsahibimizin sözlərinə görə, müstəntiq ona G.Əhmədovaya ölüm mesajı yazması ilə bağlı şikayət gəldiyini deyib: "Məlum olub ki, guya Gülər özü şikayət edib. Amma ortada heç bir fakt yoxdur. Dedim ki, bu, mobil nömrəm, bu da telefonlarım. Baxın görün mən ona nə vaxt təhdid sms-i yollamışam".

Müsahibimiz hesab edir ki, polis ziyarəti onu qorxutmaq məqsədi daşıyır. Onun sözlərinə görə, son dəfə G.Əhmədova ilə anasının ölümündən əvvəl danışıb. Məqsədi ailəsinin düşdüyü durumla bağlı yardım istəmək olub. Anasının ölümündən sonra isə A.Məmmədov ona mesaj yazdığını, amma bunun təhdid mesajı olmadığını vurğuladı. "Ona yazmışdım ki, sən məni bədbəxt elədin" deyən müsahibimizə görə, bu, təhdid sayılmır: "Düzdür, mən vəkil tutmamışam. Amma hesab edirəm ki, burda hər hansı həbs təhlükəsi yoxdur. Çünki ortada sübut yoxdur və kiminsə yalandan şikayət etməsi ilə adamı həbs edirlər. İzahat alınandan sonra mənə deyildi ki, səbirli olum və çıxıb gəldim. Düşünürəm ki, məqsəd məni qorxutmaq və susdurmaqdır. Amma ən gülməli vəziyyət odur ki, anamı öldürən azadlıqda gəzir, məni isə guya kimisə təhdid etdiyimə görə polisə çağırırlar".

G.Əhmədovanın vəkili Eldar Qədimi isə "Yeni Müsavat"a açıqlamasında bu faktı təsdiqlədi. Müxbirimizin bununla bağlı əlavə suallarına iki gün sonra cavab verəcəyini deyən vəkil bir çox məsələlərin həmin vaxt aydınlaşacağını vurğuladı.

AzNews.az